AZ

NATO: Ukrayna üçün təhlükəsizlik zəmanətləri möhkəmdir

NATO: Ukrayna üçün təhlükəsizlik zəmanətləri möhkəmdir

NATO-nun Baş katibi Mark Rutte Ukraynaya veriləcək təhlükəsizlik zəmanətlərinin möhkəm olacağını bildirərək “Sahədə əsgərlər, havada reaktiv təyyarələr, Qaradənizdə gəmilər olacaq”, - ifadələrini işlədib.

Kiyevdə səfərdə olan Rutte Ukrayna Parlamentində (Ali Rada) etdiyi çıxışında NATO-nun dəstəyini yenidən vurgulayıb. Rusiya Prezidenti Vladimir Putinin gözləyərək Ukraynanı zəiflədə biləcəyini düşündüyünü qeyd edən Rutte, Putinin Ukraynanın gücsüz olduğunu, tərəfdaşlarının zamanla yorulacağını və iradənin sarsılacağını zənn etdiyini bildirib.

Rutte “Lakin o, böyük bir səhvə yol verib. Ukrayna güclüdür və bizim dəstəyimiz sarsılmazdır”, - deyib.

“Diqqətimizi başqa tərəfə yönəltməmişik”

Digər qlobal hadisələrə fokuslanılmasının Ukraynada müəyyən narahatlıqlar yaratdığına işarə edən Rutte “Ancaq sizi əmin etmək istəyirəm ki, diqqətimizi başqa tərəfə yönəltməmişik. Ukrayna təhlükəsizliyimiz üçün həyati əhəmiyyət kəsb edir və belə də qalacaq. Ukraynanı dəstəkləmək məsələsindəki qətiyyətimiz sarsılmazdır”, - deyə vurğulayıb.

Rutte NATO-nun “Ukraynanın Prioritet Ehtiyaclar Siyahısı” (PURL) vasitəsilə milyardlarla dollar dəyərində kritik ABŞ hərbi texnikasının müttəfiqlər və tərəfdaşlar tərəfindən maliyyələşdirilərək Ukraynaya ötürüldüyünü də xatırladıb: “Ötən yay PURL mexanizmini işə saldığımızdan bəri Ukraynanın 'Patriot' batareyaları üçün istifadə edilən raketlərin təxminən 75 faizi və digər hava hücumundan müdafiə sistemlərindəki raketlərin 90 faizi bu mexanizm sayəsində təmin edilib”.

Ukraynanın təcili olaraq daha çoxuna ehtiyacı olduğunun fərqində olduğunu bildirən Baş katib bu istiqamətdə işlərin davam etdiyini, müttəfiqləri Ukraynanın ehtiyaclarını qarşılamaq üçün öz ehtiyatlarını son həddə qədər səfərbər etməyə çağırdığını qeyd edib.

“Sahədə əsgərlər, havada reaktiv təyyarələr, Qaradənizdə gəmilər olacaq”

Ukraynanın güclü silahlı qüvvələrlə yanaşı, etibarlı təhlükəsizlik zəmanətlərinə də ehtiyacı olduğunu xatırladan Rutte bunları deyib:

“ABŞ, Avropa və Kanada Ukraynanın Rusiya ilə sülh qura bilməsi üçün ehtiyac duyduğu təminatı verməyə hazır olduqlarını təsdiqləyiblər. 'Könüllülər Koalisiyası'nın üzvləri bu zəmanətlər barədə ümidverici irəliləyiş əldə ediblər. Bəzi Avropalı müttəfiqlər razılıq əldə edildikdən sonra Ukraynaya qoşun yeridəcəklərini bəyan ediblər. Sahədə əsgərlər, havada reaktiv təyyarələr, Qaradənizdə gəmilər olacaq”.

ABŞ-ın da bu prosesdə arxa planda təminatçı rolunu oynayacağını bildirən Rutte digər müttəfiqlərin də müxtəlif formalarda dəstək verəcəklərini xatırladıb.

“Təhlükəsizlik zəmanətləri möhkəmdir”

Rutte “Təhlükəsizlik zəmanətləri möhkəmdir və bu, həyati əhəmiyyət daşıyır. Çünki bu dəhşətli müharibəni dayandıracaq bir razılaşmaya nail olmağın çətin seçimlər tələb edəcəyini bilirik”, - deyə qiymətləndirmə edib.

Sülhün qalıcı olacağına söz verən Rutte qeyd edib ki, Putin öz xalqından saysız-hesabsız insanı qurban verməyə hazır olsa da, qalib gələ bilmir və cəbhədəki qazancları olduqca yavaş, ağır itkilər hesabına baş verir. Rusiya üzərindəki təzyiqin və Ukraynaya dəstəyin davam edəcəyini vurğulayan Baş katib fikrini belə tamamlayıb: “Qış soyuq ola bilər, amma bahar mütləq gələcək”.

Seçilən
34
afn.az

1Mənbələr