AZ

Erməni ekspert “çox mötəbər namizəd” deyəndə Türkiyədə kimə eyham vurur?...



Azər Həsrət: “Ermənistanda siyasi təhlilçilərin əksəriyyəti başa düşür ki...”

“Alternativ layihələr” qrupunun həmtəsisçisi, ekspert Vahe Hovhannisyan yanvarın 30-da “Ermənistan Respublikasının və erməni dünyasının təhlükəsizliyini təhdid edən amillər” müzakirəsi zamanı deyib ki, Türkiyənin üstünlük verdiyi namizəd var, lakin erməni xalqı bunu görməyib. Onun sözlərinə görə, bu gün Ermənistan böyük dövlətlər arasında toqquşma nöqtəsindədir və bu, yaxşı heç nə vəd etmir. Ermənistan əhalisinin yalnız bir neçə faizi İran ətrafında cərəyan edən hadisələrlə maraqlanır və ya narahatdır. “Bütün bunlar seçkiqabağı mərhələdə, Türkiyənin üstünlük verdiyi namizədin olduğu ortaya çıxanda baş verir.

Bu, erməni xalqının bir neçə nəslinin görmədiyi yeni tarixi reallıqdır və biz indi bütün bunları müşahidə edirik”, - Hovhannisyan qeyd edib.

Hovhannisyan Türkiyədə kimi nəzərdə tutur və deyir ki, hakimiyyətə çox mötəbər namizədi var? Söhbət hansı namizəddən gedə bilər?

“Türkiyənin özünün seçdiyi, arzu etdiyi namizədə gəlincə...”

Siyasi şərhçi Azər Həsrət baki-xeber.com-a bildirdi ki, Hovhannisyan əslində Türkiyənin yox, Ermənistanın daxili siyasəti ilə bağlı danışıb. “Sadəcə olaraq, qeyd edir ki, erməni ictimaiyyəti qonşu ölkələrdə, özəlliklə də Türkiyədə, İranda baş verənlərlə o qədər də maraqlanmır. Türkiyənin özünün seçdiyi, arzu etdiyi namizədə gəlincə, əslində o, Ermənistanın içində baş verən siyasi prosesləri nəzərdə tutur. Təbiidir ki, Ermənistanda siyasi təhlilçilərin əksəriyyəti başa düşür ki, həm Azərbaycan, həm Türkiyə üçün hazırkı baş nazir Nikol Paşinyan ən uyğun namizəddir. Düşünürəm ki, bu ekşpert də məhz onu nəzərdə tutur. Yəni Türkiyə özünün namizədini dəstəkləyir, yaxud da onun üçün çalışır. Yəni burada bizi narahat edəcək bir şey də yoxdur. Ermənistan ictimai rəyi əlbəttə ki, Paşinyanı dəstəkləməyə davam etsə dayanıqlı olacaq, həm Ermənistan - Türkiyə, həm də Ermənistanın - Azərbaycan münasibətləri normallaşacaq. Yaxud da Paşinyana dəstək verilməsə və əvəzində Moskvanın uzantılarına bu və digər şəkildə üstünlük verilsə Ermənistanı böyük fəlakətlər gözləyir. Çünki onlar, həmin o Moskva uzantıları revanşizmə kökləniblər. Təbiidir ki, əllərinə bir səlahiyyət düşən kimi yenə radikallığa başlayacaqlar, Azərbaycanın və Türkiyənin üzərinə gedəcəklər. Bu mərhələdə isə Azərbaycan onları sadəcə tapdalayıb keçməli olacaq. Yəni Ermənistanın vəziyyəti budur”.

A.Həsrətin bildirdiyinə görə, bu səbəbdən də Azərbaycan da, Türkiyə də arzu etmir ki, Ermənistanda revanşistlər hakimiyyətə gəlsin və nəticədə biz yenidən münaqişəyə cəlb olunaq. “Arzu etdiyimiz odur ki, Ermənistanda ağlı başında olan rəhbər qalsın və onunla danışıqlar davam etdirilsin. Münasibətlər normallaşdırılsın. Bu namizəd də, rəhbər də indiki şəraitdə bizim üçün Nikol Paşinyandır. O da məhz onu nəzərdə tutur. Yəni xarici namizəddən danışmır”-deyə A.Həsrət qeyd etdi.

İradə SARIYEVA

Seçilən
6
baki-xeber.com

1Mənbələr