“Red Bull” pilotu Maks Ferstappen “Formula-1” karyerasını başa vurduqdan sonra bu çempionata idarəçi və ya komanda rəhbəri kimi qayıtmayacağını açıqlayıb.
İdman.Biz xəbər verir ki, dördqat dünya çempionunun hazırda “Red Bull”la 2028-ci ilin sonuna qədər müqaviləsi var. Buna baxmayaraq, niderlandlı pilot gələcək planlarında “Formula-1”dən kənar layihələrə üstünlük verdiyini gizlətmir. Onun əsas məqsədlərindən biri pik dövrü bitməmiş idman avtomobilləri yarışlarında çıxış etməkdir.
Məlumata görə, Ferstappen 30 yaşında (hazırda 28 yaşı var) çatanda “Formula-1”dən ayrılmağı planlaşdırır. O, FIA Dünya Dözümlülük Çempionatında (World Endurance Championship) yarışmaq istədiyini dəfələrlə vurğulayıb və bu istiqamətdə motivasiyasını açıq şəkildə ifadə edib.
Maks Ferstappen “On the Racetrack” proqramında çıxışı zamanı bildirib ki, “Formula-1”də yalnız pilot kimi olmağı sevir və gələcəkdə idarəçi rolunda geri dönməyi düşünmür. Onun sözlərinə görə, əsas diqqəti simulyator pilotlarının real avtomobil yarışlarına keçidini dəstəkləməkdir.
Ferstappen qeyd edib ki, bu istiqamətdə artıq ilk addımlar atılıb və layihə uğurla inkişaf edir. Onun fikrincə, maliyyə imkanları məhdud olan, lakin istedadlı gənc pilotlar üçün simulyatordan real yarış dünyasına keçid real fürsət yarada bilər.