"Amerika Birləşmiş Ştatları və İran arasında razılaşmanın əldə olunması üçün hazırda səylər göstərilir. Buradakı əsas məsələ İranın nüvə proqramından rəsmi şəkildə imtina etməsi məsələsidir. Eyni zamanda ABŞ çalışacaq ki, İrandakı sərvətlər üzərində təsirini yaya bilsin, yəni burada hansısa bir dividend əldə etsin. Buna görə də maksimum şəkildə Tehrana həm razılaşmaq, həm də təzyiq göstərmək istiqamətində cəhd edir".
Bunu Redaktor.az-a politoloq Zeynal Əmrəliyev ABŞ-İran münasibətlərinin gedişatından danışarkən bildirdi.
Onun sözlərinə görə, hazırda davam edən proses əsasən məhz Rusiyanın vasitəçiliyi ilə həyata keçirilir:
"Moskva tərəfləri masaya oturtmaq üçün müəyyən dərəcədə səylər göstərir. Görünür ki, hər iki tərəf də buna isti baxır. İrandan verilən açıqlamalar, ABŞ tərəfindən verilən bəyanatlar bu ümidi yaradır ki, tərəflər arasında razılaşma üçün qapılar açıqdır. İranda həlledici sözə sahib olan şəxslər, o cümlədən İran Prezidenti Məsud Pezeşkian müharibə istəmədiklərini dəfələrlə bəyan ediblər. Pezeşkian müharibənin nə İrana, nə də ABŞ-yə sərf etmədiyini bildirib. Buna görə də ümid var ki, məsələ danışıqlar yolu ilə həll ediləcək".
Aytəkin TOFİQQIZI