AZ

ADU da Özbək dili və Ədəbiyyatı Mərkəzinin açılışı olub

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 3 fevral, AZƏRTAC

Fevralın 3-də Azərbaycan Dillər Universitetində (ADU) Özbəkistan Dövlət Cahan Dillər Universitetinin Özbək Dili və Ədəbiyyatı Mərkəzinin açılışı olub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, ADU-nun rektoru akademik Kamal Abdulla yeni Mərkəzin əhəmiyyətindən danışıb. Rektor qeyd edib ki, ADU dünyanın bir sıra nüfuzlu ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir, xarici ölkə universitetlərində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzləri ölkələr arasında elm, təhsil, mədəni əlaqələrin qurulmasında mühüm rol oynayır. Bildirib ki, bu mərkəzlərin hər birində Azərbaycan dili tədris olunur, milli mədəniyyətimiz təbliğ olunur, müasir Azərbaycan həqiqətləri dünyaya çatdırılır. ADU beynəlxalq əlaqələrini yüksək səviyyədə qurmaqda davam edir və bu baxımdan, ötən il Özbəkistan Dövlət Cahan Dillər Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılışı xüsusi əhəmiyyət kəsb edir.

Özbəkistan Dövlət Cahan Dillər Universitetinin rektoru İlxomjon Tuxtasinov iki ölkə arasında əməkdaşlığın xalqlarımızın qardaşlıq əlaqələrinə əsaslandığını bildirib. O qeyd edib ki, ADU-da Özbək Dili və Mədəniyyəti Mərkəzinin açılışı Azərbaycan və Özbəkistan arasında elmi, mədəni, siyasi və təhsil sahəsində tərəfdaşlıq münasibətlərinə öz töhfəsini verəcək. Rektor bu Mərkəzdə tələbələrin və müəllimlərin özbək dilini öyrənmək, mədəniyyəti ilə tanış olmaq imkanı qazanacaqlarını vurğulayıb.

Özbəkistan Respublikasının Azərbaycandakı səfiri Bahrom Aşrafxanov Azərbaycan ilə Özbəkistan arasında dostluq münasibətlərinin daha da inkişaf edəcəyinə əminliyini bildirib. Qeyd edib ki, Mərkəz tələbələrə, müəllimlərə faydalı olacaq, onların tədqiqat işlərinə töhfə verəcək.

Milli Məclisin deputatı Eldar İbrahimov Azərbaycan ilə Özbəkistan arasında elmi, mədəni, təhsil və siyasi əməkdaşlığın inkişafında bu Mərkəzin əhəmiyyətli rol oynayacağını vurğulayıb. Bildirib ki, bu il ADU-nun bir neçə tələbəsi təhsilini Cahan Dillər Universitetində doktorantura pilləsində davam etdirəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
1
azertag.az

2Mənbələr