Bakı, 3 fevral, AZƏRTAC
Prezident İlham Əliyevin Sərəncamı ilə 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması bu sahədə ölkəmizin uğurlarının tanıdılması baxımından ilkin təsisat hesab edilə bilər. Son illər respublikamızda aparılan inşaat, memarlıq, yenidənqurma və planlama işləri xüsusilə qeyd olunmalıdır. Bu il çərçivəsində görüləcək işlər bütün bu məsələlərin yenidən müzakirə predmetinə gətirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında daşınmaz əmlak və inşaat məsələləri üzrə ekspert, "Rieltorlar assosiasiyası" İctimai Birliyinin sədri Elnur Azadov səsləndirib.
2023-cü ilin sonunda təqdim edilən Bakı şəhərinin Baş planının nəhəng layihə olduğunu qeyd edən ekspert bildirib ki, “Şəhərsalma və Memarlıq İli”nin elan olunması bu istiqamətdə böyük göstəricidir: “Bakının Baş planının təqdim olunması gələcəkdə şəhərin simasının dəyişilməsinin, yeni infrastruktur layihələrinin icra olunmasınıın, turizmin, sənayenin və digər layihələrin inkişafı ilə bağlıdır. İkinci istiqamət kimi, işğaldan azad olunmuş ərazilərin infrastruktur planlaması, turizm və digər konsepsiyalar üzərində bu kimi layihələrin icra edilməsi qeyd olunmalıdır. Belə layihələrin beynəlxalq tələblər və müasir normativlər əsasında hazırlanması olduqca vacibdir. Bu baxımdan müvafiq Sərəncamın verilməsi bu böyük layihələrin dünya ictimaiyyətinə çatdırılmasına töhfə verə bilər. Düşünürəm ki, ölkəmizdə belə tədbirlərin keçirilməsi Azərbaycan memarlığı və iqtisadi göstəriciləri üçün olduqca əhəmiyyətlidir. Bu həm ölkəmizin tanıdılması, həm də icra olunan nəhəng inşaat-quruculuq işlərinin təbliği baxımından təsirli ola bilər”.
Ekspert vurğulayıb ki, Azərbaycan memarlığının dünyaya tanıdılması bugünün aktual məsələlərindəndir. “Azərbaycanın memarlıq və şəhərsalma mədəniyyətinin inkişafı turizm sektoruna marağın artması ilə nəticələnəcək. Bu da əsas konsepsiyalardan biri hesab olunur”, - deyə o vurğulayıb.