ain.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.
Mirvari Qəhrəmanlı: “Əmr verənlər kənarda qalıb, icraçı mühakimə olunur”
Bakının Nərimanov rayonunda "Baksol" yolu ərazisində asfaltın çökməsi nəticəsində kanalizasiya kollektoruna düşərək faciəli şəkildə vəfat edən 27 yaşlı Cümşüd Cümşüdlünün ölümündə təqsirli bilinən Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Təqsirləndirilən A.Cümşüdov bildirib ki, hadisə baş verən ərazidə çökmə 2025-ci ilin mayın 14-də baş verib. Çökmə baş verən ərazidən bir kilometr kənarda bərpa işləri aparıblar: “Bizə çökmənin baş verməsi barədə məlumat verildi. Buna görə də həmin əraziyə yollandıq, oranı məhəccərə aldıq, qadağan olunmuş nişanlar qoyduq. Amma orada iş görülməsi üçün bizə heç bir göstəriş verilməyib. Bizim xidməti vəzifəmiz qəza bərpa işlərini görməkdir. Amma orada iş görmək üçün iş əmri açılmayıb, bizə iş görmək üçün heç bir göstəriş verilməyib. İyun ayının 4-ə kimi məlum hadisə baş verən yerdən bir kilometr kənarda gördüyümüz işin yekunlaşdırdıq. Sonra bizə dedilər ki, sizin üçün daha orada görəcək işiniz yoxdur, oradan gedin. Bizdə oradan ayrıldıq. Çöküntü baş verən ərazi qaldı, biz orada heç bir iş görmədik. İş görmək üçün heç bir iş əmri də olmayıb".
Qeyd edilir ki, ölümlə nəticələnmiş hadisə ilə bağlı Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdov barəsində Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) ittiham irəli sürülüb.
Neftçilərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı “Sherg.az”a açıqlamasında bildirdi ki, bu hadisədə təkcə sahə rəisini ittiham etmək digər məsul şəxsləri məsuliyyətdən yayındırmaqdır: 
- Sahə rəisinin ifadəsindən belə anlaşılır ki, ölüm hadisəsi ərazidə çökmə 1 ay əvvəl baş verib, bir qədər kənarda təmir işləri aparılıb, çökmə olan hissədə qadağa nişanı qoyulub. Və işçilər ərazini tərk ediblər. Bəs niyə asfalt təmir edilməyib, nəzarətsiz qalıb? Əmr verən kimdir, iş üçün iş əmri kim tərəfindən açılmalıydı? Kimin ucbatından təmir işləri başa çatdırılmayıb? Onlar iş icraçısıdır. Ərazidən kanalizasiya xətti keçir. Xətlərin yoxlanması aparılmalıydı. Xəttin üzəri bağlı, qapalı olmalıydı. Amma uzun müddət keçib, heç bir iş görülməyib. Yoxlama aparılmayıb. Sahə rəisinin öz vəzifəsi var. O. tapşırılan işi yerinə yetirir. Bir halda ki ərazidən kanaizasiya xətti keçir, yoxlama mütləq aparılmalıydı. Bu vəzifə kimə, hansı idarəyə aiddir, həmin ərazi hansı idarənin balansındadır, blinməlidir. Ölüm hadisəsi baş verib, yalnız sahə rəisi mühakimə olunur. Təmir aparılan zaman zədə üzrə akt tərtib edilir, layihə hazırlanır, sxem çəkilir, iş icraçısı müəyyənləşir. Bu, çoxşaxəli bir prosesdir. Və burada yalnız sahə rəisinin üzərində dayanmaq, digər məsul şəxsləri məsuliyyətdən yayındırır. 1 kilometr aralıda təmir işləri aparılır, amma çökmüş ərazidə bərpa işləri aparılmır. Niyə? Deməli, hansısa idarə, qurum bu iş üçün göstəriş verməli idi, amma verməyib. Həmin ərazi unudulub, səhlənkarlıq edilib. Ölüm hadisəsi baş verib, buna görə təkcə sahə rəisini ittiham etmək düzgün deil. Məsul şəxslər qalıb kənarda, sahə rəisi məsuliyyət daşıyır, təmirə görə. Bəs kim əmr verib, bu səlahiyyət kimə məxsusdur, yollara nəzarət edən qurum hara baxırdı? Belə hadisələrin təkrarlanmaması üçün diqqətli, dəqiq araşdırılma aparılmalıdır. Yolların təmiri konkret idarələrin balansındadır. Sahə rəisi əmr quludur, göstəriş üzrə işləyir. Açıq bildirilməlidir ki kim, hansı direktor, hansı müdür, idarə rəisi tapşırıq verib, deyib daha orada görəcəyiniz iş yoxdur. Ola bilsin, asfaltın çökdüyü ərazidə hansısa başqa bir idarə işi icra etməliymiş. Bizdə bir iş bir neçə quruma həvalə edilir, hərəsi bir ərazini öhdəsinə götürür, bu cür faciəli hadisələr baş verdikdə isə əsl günahkar tapılmır. Kim ki məsulyiyət daşımalıdır, qalır kənarda, fəhlə, əmrə tabe olan mühakimə edilir, məhkəməyə çəkilir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.