Bakı, 3 fevral, AZƏRTAC
Milli Aviasiya Akademiyasında (MAA) “Fevral məruzələri 2026: Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” adlı XI beynəlxalq elmi-praktik gənclər konfransı öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, 3 gün davam edəcək beynəlxalq konfrans aerokosmik sahədə gənc tədqiqatçıların yaradıcı potensialının dəstəklənməsi, innovativ yanaşmaların təşviqi və elmi əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm akademik platforma kimi çıxış edir.
Bu ilki konfransda ümumilikdə 428 nəfər iştirak edir. Proqram çərçivəsində 276 elmi məruzə dinləniləcək. Konfransa ABŞ, Türkiyə, Almaniya, Koreya, Qazaxıstan, Rusiya, Özbəkistan və Qırğızıstan kimi ölkələrdən 45 nəfər tədqiqatçı qatılıb.
Konfransın geniş institusional əhatə dairəsi də diqqətəlayiqdir. Ümumilikdə tədbirdə 39 müxtəlif yerli və xarici universitet, elmi-tədqiqat institutu, dövlət qurumu və aparıcı təşkilat təmsil olunub. Bu fakt “Fevral məruzələri”nin artıq regionun aparıcı gənclər elmi platformalarından birinə çevrildiyini göstərir.
Konfransı giriş sözü ilə açan birinci prorektor, professor Ədalət Səmədov MAA-nın rektoru, akademik Arif Mir Cəlal oğlu Paşayevin iştirakçılara salamlarını və təbrikini çatdırıb və MAA-nın son 30 ildə keçdiyi inkişaf yolu haqqında məruzə ilə çıxış edib.
Konfrans çərçivəsində 11 bölmə üzrə aerokosmik sahə, nəqliyyat, energetika, iqtisadiyyat, hüquq, fundamental elmlər və texniki inkişaf istiqamətlərində aktual problemlər müzakirə olunacaq.
Plenar iclasda Merilend Universitetinin (ABŞ) fəxri professoru akademik Roald Saqdeyev, Moskva Fizika-Texnika İnstitutunun professoru Emil Əhmədov, Helmholts Elmi-Tədqiqat Mərkəzinin (Almaniya) əməkdaşı, Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, Azərbaycanın Əməkdar elm xadimi, professor Məsud Əfəndiyev və Piri Reis Universitetinin (Türkiyə) elmi işlər üzrə müşaviri, Beynəlxalq SARES cəmiyyətinin prezidenti, professor Hikmet Karakoç çıxış edərək aerokosmik elmin gələcək inkişaf perspektivlərini və MAA-da gənclərin innovasiyalara töhfəsini xüsusi vurğuladılar.
Milli Məclisin sədr müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov çıxış edərək bildirib ki, Milli Aviasiya Akademiyası akademik Arif Paşayevin Azərbaycan xalqına verdiyi çox böyük bir töhfədir. "Müəssisə yaratmaq olar, onu inkişaf etdirmək olar. Amma bir elmi mühit, bir düşüncə məktəbi yaratmaq hər kəsə nəsib olmur. Arif Paşayev məhz bunu bacaran şəxsiyyətdir",- deyə Milli Məclisin sədr müavini qeyd edib.
Onun sözlərinə görə, Arif Paşayevin təşəbbüsü ilə keçirilən bu konfranslar silsiləsi məhz bu ehtiyaca cavab verir və eyni zamanda gənc nəslin düşüncəsinə elmin yaşaması zərurətini ötürür: "Keçirilən bu konfranslar, nəşr edilən elmi kitablar və yetişdirilən mütəxəssislər bir daha göstərir ki, Milli Aviasiya Akademiyası təkcə təhsil müəssisəsi deyil. Bu, milli düşüncənin, elmi irsin və dövlət müstəqilliyinin daşıyıcısı olan bir məkandır".
ADA Universitetinin rektoru Hafiz Paşayev çıxış edərək bildirib ki, çox gözəl bir konfrans təşkil olunub və konfransın məzmunu olduqca düşünülmüş şəkildə hazırlanıb. "Xüsusilə qeyd etmək lazımdır ki, Roald Saqdeyev Amerikadan gələrək bir daha öz intellektual potensialını nümayiş etdirdi və yüksək səviyyəli, maraqlı bir məruzə ilə çıxış etdi".
Hafiz Paşayevin sözlərinə görə, Arif Paşayev haqqında çox danışmaq olar. O, heç vaxt kiməsə əziyyət verməkdən xoşlanmayan, daim insanları və xüsusilə tələbələri ön planda tutan bir şəxsdir. Bu günkü çıxışında da bunu aydın şəkildə gördük.
"Arif müəllim keçmişinə, həmkarlarına və ətrafındakı insanlara həmişə sadiq olub, onların maraqlarını qorumağa çalışıb. Bu baxımdan ondan öyrəniləsi çox şey var",- deyə H.Paşayev vurğulayıb.
Sonda Hafiz Paşayev Arif Paşayev adından hər kəsə təşəkkür edib. Qeyd edib ki, akademik Arif Paşayevə tədbirin və ona yüksək səviyyədə təşkil olunduğunu çatdıracağını bildirib.
Konfrans proqramına elmi müzakirələrlə yanaşı “Fundamental elmlər və texniki inkişaf”, “Energetikanın müasir problemləri” mövzularında dəyirmi masalar, eləcə də “İdeyadan nəşrə – məqalə yazma bacarığı” və “Hava limanında yerüstü xidmətlərin mərkəzləşdirilmiş rəqəmsal idarəetmə sisteminin qurulması” mövzularında ustad dərsləri daxil edilib.
Bundan əlavə, tədbir çərçivəsində “Maliyyə uçotu” dərsliyi və “Auditdə iqtisadi təhlil” dərs vəsaitinin təqdimatı nəzərdə tutulub.
“Fevral məruzələri” beynəlxalq konfransı gənc tədqiqatçıların aerokosmik innovasiyalara töhfəsi baxımından MAA-nın elmi strategiyasının əsas istiqamətlərindən biri, həm də beynəlxalq elmi əməkdaşlığın inkişafında mühüm resursdur.
Konfransın sonunda Azərbaycan Respublikasının əməkdar artisti, pedaqoq, filologiya üzrə fəlsəfə doktoru Lalə Məmmədova iştirakçılara uğurlar arzuladı və kiçik konsert proqramı ilə çıxış edib.