"Azərbaycanın İran və Amerika Birləşmiş Ştatları arasında gedən bu münaqişədə vasitəçilik məsələsi heç vaxt gündəmdə olmayıb və belə bir təklif tərəflərdən də gəlməyib".
Bu fikirləri Redaktor.az-a politoloq Qafar Çaxmaqlı Azərbaycanın ABŞ və İran arasında vasitəçi olması ehtimalından danışarkən bildirdi.
Müsahibimiz düşünür ki, Azərbaycanın vasitəçiliyi bu məsələnin həllində rol oynaya bilməz:

"Belə təkliflər daha çox Türkiyə ilə bağlı səsləndirilir. Türkiyə barədə bu fikirlər dövlət səviyyəsində olmasa da, ayrı-ayrı siyasi şərhçilər və analitiklər tərəfindən irəli sürülür. Onlar hesab edirlər ki, Türkiyə belə bir vasitəçilik edə bilər, çünki Ankara həm İranla, həm də Amerika Birləşmiş Ştatları ilə münasibətlərdə tərəfdaş kimi çıxış etmək imkanına malikdir. Azərbaycanın bu məsələyə münasibətinə gəldikdə isə mənə elə gəlir ki, bu istiqamətdə heç bir açıq təklif mövcud deyil. Azərbaycan yalnız onu etməlidir ki, bunu da artıq edir. Bu barədə rəsmi bəyanat səsləndirilib ki, Azərbaycan öz ərazisindən başqa bir dövlətin ərazisinə zərbələr endirilməsinə və ya atəş açılmasına imkan verməyəcək və tərəfsiz mövqe tutacaq. Hazırkı vəziyyətdə Azərbaycanın izləməli olduğu ən doğru siyasi istiqamət də məhz budur".
Nuriyyə NATİQQIZI