Bakı, 3 fevral, AZƏRTAC
Soyuq hava şəraiti insan psixologiyasına və ümumi əhvali-ruhiyyəyə birbaşa təsir göstərir. Psixoloq və nevroloqların fikrincə, qış aylarında musiqi dinləmək həm orqanizmin ümumi vəziyyətini yaxşılaşdırır, həm də stresdən qorunmada böyük rol oynayır.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, soyuq havada günəş işığının azalması nəticəsində bəzi insanlarda halsızlıq, motivasiya itkisi və mövsümi depressiya əlamətləri müşahidə olunur. Bu zaman düzgün seçilmiş musiqi beyində “xoşbəxtlik hormonu” kimi tanınan serotonin və dopaminin ifrazını artıra bilər.
Psixoloqlar, xüsusilə sakit, melodik və ya insanın müsbət xatirələri ilə əlaqələndirdiyi musiqiləri tövsiyə edirlər. Klassik musiqi, caz və yüngül instrumental janrların soyuq havalarda rahatladıcı təsir göstərdiyi qeyd olunur. Eyni zamanda, enerjili ritmlərə malik musiqilər səhər saatlarında motivasiyanı artırmaq üçün faydalı sayılır.
Mütəxəssislər musiqini qış mövsümündə həm psixoloji rahatlıq, həm də gündəlik stresdən uzaqlaşmaq üçün effektiv vasitə kimi qiymətləndirir və insanlara musiqini həyatlarının müsbət bir hissəsinə çevirməyi tövsiyə edirlər.