AZ

HİV-i neytrallaşdıra bilən peyvənd HAZIRLANIB

Ajans.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Wistar İnstitutunun mətbuat xidməti məlumat yayıb. “Mövcud elmi yanaşmaların əksinə olaraq, heyvanların ilk immunizasiyasından sonra zəif, lakin nəzərəçarpan neytrallaşdırıcı immun cavab əldə etdik. Bu, indiyədək müşahidə olunmamış bir nəticədir. Əksər HİV peyvəndləri yalnız yeddi və ya hətta on inyeksiyadan sonra təsir göstərməyə başlayır. Hazırladığımız WIN332 immunogeni isə bu effekti ilk dozadan sonra təmin edir”, – deyə institutun dosenti Amelia Eskolano bildirib. Alimlərin qeyd etdiyinə görə, hazırda hazırlanmaqda olan HİV peyvəndlərinin əksəriyyəti virusun örtüyündə yerləşən və müxtəlif ştammlar arasında nisbətən dəyişməz qalan V3 qlikanına qarşı antikorların yaranmasını hədəfləyir. Bu tip antikorlar zamanla bəzi HİV daşıyıcılarının orqanizmində formalaşır və onları virusun təsirinə qarşı daha davamlı edir. Əvvəlki tədqiqatlar əsasən V3 qlikanının N332 bölgəsinə fokuslansa da, alimlər bu xüsusiyyətin geniş HİV ştammlarına qarşı təsirdə həlledici olmadığını ehtimal ediblər. Bu yanaşmadan çıxış edərək tədqiqatçılar N332 bölgəsi çıxarılmış V3 qlikan fraqmentinə əsaslanan yeni immunogen hazırlayıblar. Yeni immunogen əsasında yaradılan peyvənd prototipi sağlam rezus makakalarına tətbiq edilib. Aparılan analizlər göstərib ki, ilk inyeksiyadan üç həftə sonra primatların orqanizmində müxtəlif HİV ştammlarını neytrallaşdıra bilən az sayda, lakin əhəmiyyətli antikorlar formalaşıb. İkinci dozadan sonra isə bu antikorların miqdarı nəzərəçarpacaq dərəcədə artıb.

Alimlər hesab edirlər ki, bu nəticələr yaxın gələcəkdə insanlar üçün daha effektiv və az dozalı HİV peyvəndinin hazırlanmasına real ümid yaradır.

Seçilən
20
Ajans.az

1Mənbələr