AZ

“Uşaq Hüquqları Haqqında” Qanunun yeni redaksiyada qəbul edilməsi olduqca vacibdir ŞƏRH

Bakı, 3 fevral, AZƏRTAC

“Uşaq Hüquqları Haqqında” Qanunun yeni redaksiyada qəbul edilməsi olduqca vacibdir. Hazırda qüvvədə olan “Uşaq hüquqları haqqında” Qanun 28 il əvvəl qəbul edilib. Həmin sənədə 30-dan artıq qanunla dəyişiklik və əlavələr edilməsinə baxmayaraq, artıq funksionallığını itirməkdədir. Həmçinin Qanunun Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq normalara, xüsusilə BMT-nin “Uşaq Hüquqları Haqqında” Konvensiyasına və ona əlavə olunmuş üç protokola uyğunlaşdırılması zərurəti var. Konvensiyaya əsasən, uşaqların ümdə mənafeləri bütün münasibətlərdə, o cümlədən ailə münasibətlərində üstün tutulmalıdır. Yeni layihədə “Uşaqların mənafelərinin üstünlüyünün əsas təminatları”nın göstərilməsi ilə daxili qanunvericilik Konvensiyada daha dəqiq uzlaşdırılır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov deyib.

O bildirib ki, layihədə hazırda qüvvədə olan qanundan fərqli olaraq anlayışlara yer verilməsi mühüm əhəmiyyət kəsb edir. Bu, həm də onunla əlaqədardır ki, “Uşaq Hüquqları Haqqında” Qanun qəbul edildikdən sonra uşaqlara birbaşa və dolayı aidiyyəti olan bir sıra qanunvericilik aktları qəbul olunub. Məsələn, “Sosial Xidmətlər Haqqında” Qanunda “çətin həyat şəraiti” anlayışı verilsə də, bu anlayış ümumi xarakter daşıyırdı. Yeni layihədə isə “çətin həyat şəraitində olan uşaqlar” anlayışı konkret şəkildə müəyyən edilib. Qanun mətnində bu kateqoriyaya aid uşaqlarla bağlı ayrıca fəsil ayrılıb və həmin fəsildə uşaqların çətin həyat şəraitində olması halları daha aydın və konkret maddələrlə əks olunub.

“Yeni layihə müasir dövrün çağırışlarını da nəzərə alır. Layihədə uşaqların sosial mühitin mənfi təsirindən qorunması ilə bağlı müddəalar öz əksini tapıb. Hazırda uşaqların zərərli vərdişlərdən, zərərli internet proqramlarından və süni intellektin neqativ təsirlərindən qorunması aktual problem olaraq qalır. “Uşaqların zərərli informasiyadan qorunması haqqında” ayrıca Qanunun mövcud olmasına baxmayaraq, bu sahədə ciddi təhdidlər hələ də qalmaqdadır. Ümumilikdə uşaqların zərərli təsirlərdən qorunması qlobal problemə çevrilib və yeni layihədə bu məsələlərin nəzərə alınması müsbət haldır”, - deyə S.Məmmədov vurğulayıb.

Seçilən
8
1
azertag.az

2Mənbələr