Yapon voleybolçu Yuçi Nişidanın üzrxahlığı sosial şəbəkələrdə gündəm olub.
QOL.az xəbər verir ki, hadisə fevralın 1-də Kobedə keçirilən SV.League All-Star oyununda yaşanıb. Fasilə zamanı keçirilən servis tapşırığında “Osaka Bluteon”un kapitanı Nişida güclü servislə topu meydançadan kənara göndərib və top qadın xətt hakiminə dəyib.
Hakimin xəsarət almadığını görən voleybolçu dərhal qeyri-adi üzrxahlıq edib. O, meydançada üzüüstə sürüşərək hakimin yanına gəlib, daha sonra diz çökərək dəfələrlə baş əyib. Bu hərəkət Yaponiyada dərin peşmançılığı ifadə edən “dogeza” jestini xatırladıb.
Epizodun videosu qısa zamanda sosial şəbəkələrdə milyonlarla baxış toplayıb. Azarkeşlər Nişidanın səmimiyyəti və yumor hissəsini yüksək qiymətləndiriblər.
Qeyd edək ki, oyunda da uğurlu çıxış edən 26 yaşlı voleybolçu komandasının 3:0 hesablı qələbəsində mühüm rol oynayıb və matçın ən yaxşı oyunçusu seçilib.