AZ

Qastroenteroloq soğanın nə zaman mədəyə zərər verə biləcəyini açıqladı

İmmuniteti gücləndirməsi ilə tanınan soğan hər kəs üçün və hər formada faydalı olmaya bilər. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bəzi hallarda bu tərəvəzin qəbulu mədə-bağırsaq sistemi üçün ciddi narahatlıqlara səbəb ola bilər.

AzPost xəbər verir ki, qastroenteroloq Yekaterina Kaşux URA.RU-ya açıqlamasında soğanın hansı hallarda sağlamlıq üçün risk yaratdığını izah edib.

Həkimin sözlərinə görə, çiy soğan tərkibindəki efir yağları və üzvi turşular səbəbindən mədə-bağırsaq sistemi üçün xüsusilə aqressiv hesab olunur. Bu səbəbdən mədə və onikibarmaq bağırsaq xorası kəskinləşən dövrlərdə, pankreatit, xolesistit, eləcə də qıcıqlanmış bağırsaq sindromu zamanı çiy soğanın istifadəsi qətiyyən tövsiyə edilmir.

Mütəxəssis qeyd edib ki, soğanın tərkibində olan fruktanların yüksək miqdarı bəzi insanlarda köp, ağrı və diskomfort yarada bilər.

Qastroenteroloqun sözlərinə görə, soğan bişirildikdə – qaynadıldıqda, pörtlədildikdə və ya sobada hazırlandıqda – onun qıcıqlandırıcı təsiri xeyli azalır. Lakin bu zaman C vitamini və antioksidantların böyük hissəsi parçalanır.

“Qızardılmış soğan, xüsusilə çox yağda hazırlandıqda faydasını itirir, kalorili olur və həzm sisteminə əlavə yük yaradır. Marinad edilmiş soğan isə sirkə tərkibinə görə mədə xəstəlikləri və turşuluq pozğunluğu olan şəxslər üçün uyğun deyil”, – deyə Yekaterina Kaşux vurğulayıb.

Mütəxəssis bildirib ki, mədə-bağırsaq problemi olan şəxslər soğanı rasiona daxil etməzdən əvvəl mütləq həkimlə məsləhətləşməlidirlər.

AzPost.az

Seçilən
5
azpost.info

1Mənbələr