AZ

Tehranın savaş siqnalı: ABŞ-la masaya oturdu, bölgənin taleyini həll edən gizli razılaşma?

İran və ABŞ arasında yaranan böhran hələ də öz həlli tapmaması qlobal miqyasda  ciddi narahatlıq yaratmaqdadır. Bu bir tərəfdə hərbi qarşıdurma riski, digər tərəfdə isə diplomatik kanalların tam bağlanmaması regionu və beynəlxalq ictimaiyyəti ciddi suallar qarşısında qoyur. İndi beynəlxalq aləmi dümündürən əsas məsələ isə  budur: Tehran və Vaşinqton müharibədən qaça biləcəkmi, yoxsa gərginlik yeni mərhələyə keçə biləckmi?

Pezeşkianın mesajı: “Bərabər şərtlərlə danışıqlar”
İran prezidenti Məsud Pezeşkianın Xarici İşlər Nazirliyinə ABŞ ilə bərabər və ədalətli şərtlərlə danışıqlar aparmaq tapşırığı verməsi Tehranın mövqeyində mühüm taktiki dəyişiklik kimi qiymətləndirilə bilər. Prezidentin vurğuladığı əsas məqamlar isə təhdidlərdən uzaq, ləyaqət və milli maraqlara əsaslanan dialoqdur ki, bu da  Tehranın zəif mövqedən deyil, şərt qoyan tərəf kimi masaya oturmaq istədiyini göstərir.
Bu addım eyni zamanda regiondakı “dost ölkələrin” vasitəçilik təşəbbüslərinin də nəzərə alındığını ortaya qoyur. Tehran açıq şəkildə bildirir ki, danışıqlar mümkündür, lakin təzyiq dili ilə yox.

Şamxani faktoru: Diplomatiya ilə müharibə arasında tarazlıq
İranın ali rəhbəri Ayətullah Xameneinin müşaviri Əli Şamxaninin açıqlamaları isə daha sərt və açıq mesajlarla diqqət çəkir. Hərbi geyimdə verdiyi müsahibə, təsadüfi bir görüntü deyil, strateji psixoloji mesajdır: İran müharibəyə hazırdır.
Şamxani bir tərəfdən diplomatiya üçün hələ zamanın olduğunu vurğulayır, digər tərəfdən isə açıq şəkildə bildirir: “Əgər ABŞ İrana hücum edərsə, İsrail vurulacaq”.
Bu bəyanat Tehranın təhlükəsizlik doktrinasının mahiyyətini açır: ABŞ və İsrail ayrı hədəflər deyil, vahid strateji blokdur. İran açıq şəkildə bildirir ki, mümkün müharibə lokal olmayacaq, regional və hətta qlobal nəticələr doğura bilər.

Nüvə kartı: Geri addım, yoxsa strateji alver?
Şamxaninin nüvə məsələsində verdiyi mesajlar xüsusi diqqət çəkir. 60 faiz zənginləşdirilmiş uranın 20 faizə endirilməsi ehtimalı Tehranın prinsipial geri çəkilməsi yox, sərt bazarlıq strategiyasıdır. İran açıq mesaj verir: güzəşt mümkündür, amma qarşılıqsız deyil.
Daha diqqətçəkən məqam isə zənginləşdirilmiş uranın Rusiyaya təhvil verilməsi variantının gündəmə gətirilməsidir. Bu addım bir neçə məqsədə xidmət edir:
ABŞ və Qərbə kompromis mesajı vermək, Rusiyanı prosesə daha aktiv cəlb etmək, təzyiqləri yumşaltmaq üçün alternativ mexanizm yaratmaq.
Kremlin bu məsələdə müsbət mövqe tutması Moskvanın yenidən vasitəçi güc roluna qayıtmaq istədiyini göstərir.

İstanbul faktoru və gizli diplomatiya
Axios-un məlumatına görə, ABŞ-ın xüsusi elçisi Stiv Uitkofla İranın XİN rəhbəri Abbas Əraqçinin İstanbulda mümkün görüşü diplomatik prosesin hələ tam dayanmadığını sübut edir. Türkiyənin bu prosesdə mümkün platforma rolunu oynaması regionun geosiyasi çəkisini daha da artırır.
Bu, həm də göstərir ki, tərəflər açıq ritorikaya baxmayaraq, pərdəarxası diplomatiyanı saxlayırlar.

Əsas sual: Razılaşma mümkündürmü?
Hazırkı vəziyyətdə nə İran, nə də ABŞ məğlub tərəf kimi görünmək istəmir. Hər iki tərəf üçün geri addım daxili siyasi risklər yaradır. Lakin eyni zamanda açıq müharibə ssenarisi də idarəolunmaz nəticələr vəd edir.
Bu səbəbdən ən real ssenari belə görünür: Qısa müddətdə gərgin ritorika davam edəcək, dolayı danışıqlar intensivləşəcək, nüvə məsələsində məhdud və mərhələli kompromis axtarılacaq.
İran–ABŞ qarşıdurması bu gün müharibə ilə diplomatiya arasında nazik bir xəttdə irəliləyir. Pezeşkyanın yumşaq diplomatik dili ilə Şamxaninin sərt hərbi mesajları bir-birini tamamlayan vahid strategiyanın hissələridir.

Əsas məqsəd aydındır: müharibədən qaçmaq, amma təslim olmamaq.
Bu oyunda uduzan tərəf olmaq istəməyən iki güc, hələlik masanı dağıtmadan, amma əlini də masadan çəkmədən oynamağa davam edir. Sual isə açıq qalır: bu riskli oyun sülhlə bitəcək, yoxsa region yeni fırtınaya doğru sürüklənir?
 

Mürtəza

Seçilən
8
1
olke.az

2Mənbələr