Bakı, 3 fevral, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda proqram mühəndisliyi sahəsində elmi-tədqiqat işləri aparılır.
İnstitutun baş mütəxəssisi Tamilla Bayramova AZƏRTAC-a açıqlamasında bildirib ki, proqram mühəndisliyi üzrə son 40 ildə aparılmış elmi tədqiqatların təhlili əsasında sahənin təkamül mərhələləri araşdırılıb. Onun sözlərinə görə, müasir mərhələdə əsas hədəf mövcud proqram sistemlərinin effektivliyinin artırılması, süni intellekt texnologiyaları ilə inteqrasiyası və insan amilinə uyğunlaşdırılmasıdır.
T.Bayramova qeyd edib ki, süni intellekt metodlarının tətbiqi nəticəsində ehtimallı proqram mühəndisliyi kimi yeni istiqamət formalaşıb. Bu yanaşmada proqram sistemlərinin davranışı statistik və ehtimallı modellərə əsaslanır.
Tədqiqatçı, həmçinin süni intellekt texnologiyalarından proqramlaşdırma, sınaq və keyfiyyətin təmin edilməsi, layihələndirmə, tələblərin idarə olunması, texniki müşayiət və layihə idarəetməsi mərhələlərində fəal şəkildə istifadə edildiyini diqqətə çatdırıb.