AZ

Azərbaycanda restoranlarda xidmət haqqı ləğv olunur? 

Yaxın günlərdə Türkiyədə fəaliyyət göstərən restoran və kafelərdə servis haqqı, xidmət haqqı, masa pulu və s. bu tip ödənişlər ləğv olundu. Azərbaycanda da bu anlayışlar bir çox kafe və restoranlarda mövcuddur. Bu ödənişin mövcud olduğu restoranlarda göstərilən xidmətdə hər hansı yüksək xidmətin və ya əlavə servisin vəd edilmədiyini nəzərə alsaq, bu ödənişin hansı məqsədlə və nəyə əsasən tətbiq olunduğu müştərilərə aydın deyil.

Qanunvericilikdə də müəyyən şərtlər daxilində icazə verilən bu nüans Azərbaycanda da fəaliyyət göstərən müxtəlif kafe və restoranlarda ləğv oluna bilər?

 

Milli Məclisin deputatı Vüqar Bayramov Manset.az-a açıqlamasında bildirib ki, xidmət haqqı məsələsi bir çox ölkələrdə fərqli üsullarla məhdudlaşdırılır.


“Restoranlarda servis haqqının qadağan edilməsi bir çox ölkələrdə tətbiq olunur. Bəzi ölkələrdə yalnız müəyyən faiz çərçivəsində məhdudlaşır, bəzilərində isə ümumiyyətlə, bunun tələb olunması qadağandır. Qardaş Türkiyədə olduğu kimi Azərbaycanda da restoranlarda servis haqqının qadağan olunmasını məqsədəuyğun hesab edirik. Servis haqqı bir müştərinin sifariş xərcinin öncədən planlaşdırılmasında çətinlik yaradır. Müştəri menyuya baxır, öz seçimini edir, ona uyğun da ödəyəcəyi vəsaiti hesablayır. Amma ödənişi edəndə məlum olur ki, yekun məbləğ daha çoxdur. Çünki servis haqqı əlavə olunub. Nəzərə alsaq ki, orta hesabla 10 faiz servis haqqı tətbiq olunursa, 100 manatlıq sifarişdə 10 manat xidmət haqqı ödənməlidir. Bu heç də kiçik məbləğ deyil, hətta nəzərə alsaq ki, bəzi restoranlarda servis haqqı 10 faizdən belə yüksəkdir.

Deputat qeyd edib ki, xidmət haqqının tətbiqi vətəndaşların xərclərinin artmasına gətirib çıxarır:

“Menyulardakı qiymətlər mövcud xərclərə uyğundur, amma nəzərə alsaq ki, qiymətlərin uyğun olaraq müəyyənləşməsinə rəğmən biz servis haqqının əlavə edilməsini də müşahidə edirik. Bu da təbii ki, xərci artırır. Buna görə də servis haqqının qadağan edilməsi bir tərəfdən öz sifarişlərini öncədən düzgün planlamasına və hesablamasına gətirib çıxaracaq, bununla da müştəri praktik olaraq aldadılmayacaq. Digər tərəfdən isə bu həm də bütövlükdə müştəridən əlavə vəsaitin alınmasının qarşısını alacaq. Bu da vacib məqamlardan biridir”.

Vüqar Bayramov vurğulayıb ki, restoranda servis haqqının tətbiq olunması qadağan olunduğu təqdirdə, həmin məbləğin menyudakı məhsulların qiymətinə əlavə olunmamasına xüsusilə diqqət etmək mütləqdir.

 

 

Fidan Vəlisoy 

Seçilən
0
manset.az

1Mənbələr