
"Biz müştərilərimizə keyfiyyətli xidmət təqdim etmək üçün əməkdaşlarımıza mütəmadi olaraq kurslar təşkil edirik".
Bunu 31 yanvar-1 fevral tarixlərində "Millennium Turizm" şirkətlər qrupunun təşəbbüsü, "Arena Hotel Group"un təşkilatçılığı və sponsorluğu, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının və "Skal İnternational Baku" klubunun rəsmi dəstəyi ilə Quba bölgəsinə təşkil edilən infotur zamanı "Arena Hotel Quba"nın ön ofis meneceri Camal Həziyev AFN.az-ın əməkdaşının sualına cavab olaraq deyib.
Müştəri məmnuniyyətinin "Arena Hotel Qrup" üçün böyük önəm daşıdığını deyən hotel təmsilçisi qeyd edib ki, buna nail olmaq üçün lazım olan bütün tədbirləri həyata keçirirlər:
""Azərbaycanın müxtəlif rayonlarında "Arena Hotel Qrup"un tərkibində 40 hotel fəaliyyət göstərir. Hər bir hotelimizdə rəhbərlik turizm sahəsində kifayət qədər təcrübəsi olan mütəxəssislərə həvalə edilib. Əməkdaşlarımızın onların bilik və təcrübəsindən yararlanması üçün hoteldaxili treninqlər təşkil edirik. Bu həm də zaman baxımından bizə sərf edir. Əməkdaşlarımız hoteldən çıxmadan lazım olan bütün məlumatları əldə edə bilirlər".
Camal Həziyev onu da qeyd edib ki, qeydiyyatdan keçdikdə müştərilərə hotelin daxili qaydaları ilə bağlı bütün məlumatlar təqdim edilir. Bu, qonaqlarla hər hansı bir problemin yaşanmasının qarşısını alır və onların hoteldən məmnun ayrılmasını təmin edir.
FƏXRİYYƏ