AZ

İlqar Hüseynli: QHT-lər xərçənglə mübarizədə sağlam həyat tərzini təşviq etməlidir

Qeyri-hökumət təşkilatları birbaşa xərçənglə mübarizə aparmaq imkanlarına malik deyillər. Yəni sırf klinik baxımdan yanaşsaq, xərçənglə mübarizə səhiyyə strukturlarının, Səhiyyə Nazirliyinin, TƏBİB-in və bu sahə ilə bağlı digər qurumların bilavasitə fəaliyyəti çərçivəsində həyata keçirilir".

Bu fikirləri Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, xərçəng xəstəliklərinin yaranmasına səbəb olan bir çox ictimai amillər mövcuddur. Məsələn, siqaret, alkoqol və narkotik vasitələrdən istifadə, qeyri-sağlam qidalanma və həyat tərzi bu risk faktorları sırasındadır. Sağlam qidalanma ilə bağlı da cəmiyyətdə müəyyən problemlər mövcuddur ki, bunlar xərçəng xəstəliklərinin yaranmasına yol aça bilər:

"Qeyri-hökumət təşkilatlarının xərçənglə mübarizədə əsas rolu məhz bu istiqamətdə – maarifləndirmə və ictimai fəaliyyətlərin həyata keçirilməsində olmalıdır. Narkomaniyaya və tütün istifadəsinə qarşı mübarizə, bu mövzuların ictimailəşdirilməsi, məktəblərdə və müxtəlif yaş qrupları arasında profilaktik tədbirlərin təşkili bu fəaliyyətlərə daxildir. Eyni zamanda, qida məsələləri ilə bağlı fəaliyyət göstərən qeyri-hökumət təşkilatları sağlam qidalanma mövzusunda maarifləndirici tədbirlər və ictimai reklam kampaniyaları həyata keçirə bilərlər. Onlar məktəblər və səhiyyə strukturları ilə birgə bu istiqamətdə müxtəlif layihələr reallaşdıra bilərlər. Mən düşünürəm ki, qeyri-hökumət təşkilatlarının xərçənglə mübarizədə oynaya biləcəyi əsas rol məhz profilaktika, maarifləndirmə və sağlam həyat tərzinin təbliğidir".

 

Pərvanə Fərhadqızı

QHT.az

Seçilən
1
qht.az

1Mənbələr