BAKI, 3 fevral. TELEQRAF
Müasir Türkmənbaşı limanı Türkmənistanın neft emalı sənayesinin inkişafı və Türkmənbaşı Neft Emalı Zavodları Kompleksinin (TKNEZ) fəaliyyətinin təmin edilməsində mühüm rol oynayır.
Teleqraf xəbər verir ki, bu barədə Türkmənistanın Beynəlxalq İnformasiya Mərkəzi məlumat yayıb.
İstehsal və logistika infrastrukturunun genişləndirilməsi çərçivəsində TKNEZ-də “Kenar” müəssisəsinə məxsus 3 nömrəli yeni körpü istismara verilib. Körpü ildə 2 milyon tondan çox yükləmə və 1 milyon tondan artıq neft və neft məhsullarının boşaldılması üçün nəzərdə tutulub.
Körpü müasir avtomatlaşdırılmış avadanlıq, təhlükəsizlik və yanğından mühafizə sistemləri ilə təchiz olunub ki, bu da işin etibarlılığı və səmərəliliyini artırır, həmçinin ölkənin ixrac marşrutlarının şaxələndirilməsinə töhfə verir.
Obyektin istifadəyə verilməsi neft emalı həcmlərinin artırılması və neft məhsullarının daxili və xarici bazarlara sabit tədarükü üçün əlavə imkanlar yaradır.