Rusiyaya məxsus İl-76 yük təyyarəsinin bazar günü axşam saatlarında Havananın yaxınlığında yerləşən hərbi aerodroma enişi ABŞ rəsmiləri arasında narahatlıq yaradıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.
Bildirilir ki, təyyarə əvvəllər ABŞ-ın Venesuela prezidenti Nikolas Maduronu ələ keçirməsindən öncə də oxşar marşrut üzrə uçuşlar həyata keçirib.
Sanksiyalar altında olan və Rusiyanın “Aviakon Tsitotrans” aviaşirkəti tərəfindən istismar edilən İl-76 təyyarəsi Havanadan 48 kilometr cənubda yerləşən San-Antonio-de-los-Banyos hərbi aerodromuna enib. Nəşrin qeyd etdiyinə görə, adətən hərbi texnikanın daşınması üçün istifadə olunan bu təyyarə daha əvvəl Sankt-Peterburq, Soçi, eləcə də Mavritaniya və Dominikan Respublikasında enişlər həyata keçirib.
"Fox News" jurnalistlərinin yazdığına görə, həmin təyyarə 2025-ci ilin oktyabr ayının sonunda Vaşinqtonla Karakas arasında münasibətlərin kəskinləşdiyi dövrdə Venesuela, Nikaraqua və Kubaya uçuşlar həyata keçirib. “Bu hərəkətlər ABŞ-ın Venesueladakı hərbi əməliyyatlarından əvvəl baş verib. Bundan sonra amerikalı rəsmi şəxslər və analitiklər bu ardıcıllığı narahatedici siqnal kimi qiymətləndiriblər”, — deyə materialda bildirilir.