AZ

Ukrayna: Rusiya 71 raket və 450 PUA ilə hücum etdi

Ukrayna: Rusiya 71 raket və 450 PUA ilə hücum etdi

Rusiya ordusunun Ukraynaya müxtəlif tipli 71 raket və 450 pilotsuz uçuş aparatı (PUA) ilə hava hücumu etdiyi bildirilib.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığı tərəfindən yayımlanan açıqlamaya görə, Rusiya Ukraynanın müxtəlif bölgələrinə qarşı raket və PUA zərbələri endirib.

Açıqlamada qeyd olunub ki, Rusiya ordusu bu hücumda "İskəndər-M" və "S-300" tipli ballistik raketlər, "Kh-101", "Kh-22", "Kh-32" və "İskəndər-K" tipli qanadlı raketlər, həmçinin "Sirkon" və "Oniks" tipli hipersəs raketləri daxil olmaqla, ümumilikdə 71 raketdən istifadə edib.

Rusiyanın Ukraynaya həmçinin "Şahed", "Gerbera" və "İtalmas" tipli 450 PUA atdığı bildirilən bəyanatda, hava hücumundan müdafiə qüvvələri tərəfindən 38 raket və 412 PUA-nın zərərsizləşdirildiyi qeyd edilib. Açıqlamada ölkənin bəzi bölgələrinə qarşı hava hücumu təhlükəsinin davam etdiyi vurğulanıb.

Ukrayna Prezidenti Volodimir Zelenski isə sosial media hesabı vasitəsilə etdiyi paylaşımda Rusiyanın ölkəsinə qarşı təşkil etdiyi hava hücumuna sərt reaksiya verib.

Rusiya ordusunun Ukraynanın Sumı, Xarkov, Kiyev, Dnipropetrovsk, Odessa və Vinnitsa vilayətlərinə zərbələr endirdiyini qeyd edən Zelenski “Hazırkı məlumata görə, hücum nəticəsində 9 nəfər yaralanıb”, - deyə bildirib. Zelenski Rusiyanın Ukraynada enerji və mülki infrastrukturunu hədəf aldığını vurğulayıb.

Müttəfiq ölkələri Rusiyaya təzyiqi artırmağa çağıran Zelenski “Rusiyaya təzyiq göstərilmədən bu müharibə bitməyəcək. Moskva hazırda terroru və eskalasiyanı seçir, buna görə də maksimum təzyiq lazımdır”, - deyib.

Seçilən
14
afn.az

1Mənbələr