AZ

ABŞ və İran Türkiyədə bir araya gəlir – Sülh, yoxsa müharibə? 

ABŞ və İran arasında uzun fasilədən sonra birbaşa diplomatik təmasların bərpa olunması Yaxın Şərqdə və ümumilikdə beynəlxalq təhlükəsizlik mühitində ciddi rezonans doğurub.

“Axios” tərəflər arasında birbaşa görüşün 6 fevral cümə günü İstanbulda keçiriləcəyini yazıb. Danışıqlarda ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Əraqçi iştirak edəcək. Bu görüş ötən ilin yayında ABŞ–İran münasibətlərində baş verən ciddi gərginlikdən sonra tərəflər arasında ilk birbaşa diplomatik təmas kimi qiymətləndirilir.

Məlumata görə, görüşün əsas gündəliyini Vaşinqtonun şərtləri əsasında yeni nüvə sazişi imkanlarının müzakirəsi təşkil edir. ABŞ İranın nüvə proqramı ilə bağlı daha sərt və genişmiqyaslı öhdəliklər tələb edir, Tehran isə danışıqların paralel şəkildə sanksiyaların yumşaldılması ilə müşayiət olunmasını istəyir. Bu ziddiyyətli mövqelər fonunda tərəflərin masa arxasına qayıtması bir çox ekspertlər tərəfindən “müharibənin bir addımlığında atılmış diplomatik addım” kimi dəyərləndirilir.

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Heydər Oğuz bildirib ki, ABŞ–İran təmasları təkcə nüvə dosyesi ilə məhdudlaşmır və daha geniş geosiyasi mənzərənin tərkib hissəsidir.

Onun sözlərinə görə, son aylarda regionda artan hərbi aktivlik, İsrail–İran gərginliyi, Qırmızı dəniz və Körfəz bölgəsində baş verən hadisələr Vaşinqtonla Tehranı birbaşa qarşıdurma həddinə yaxınlaşdırıb:

“Məhz bu təhlükəli fon tərəfləri diplomatik kanalları yenidən işə salmağa məcbur edib.

Bu görüş müharibədən qaçmaq üçün son şanslardan biri kimi də qiymətləndirilə bilər: tərəflər ya qarşılıqlı güzəştlər əsasında gərginliyi idarəolunan səviyyədə saxlayacaq, ya da proses nəzarətdən çıxacaq.

ABŞ üçün əsas məqsəd İranın nüvə proqramını maksimum dərəcədə məhdudlaşdırmaq və regionda Tehranın hərbi-siyasi təsirini zəiflətməkdir. İran üçün isə əsas prioritet ağır iqtisadi sanksiyaların yumşaldılması və rejimin daxili sabitliyinin qorunmasıdır. Bu maraqların toqquşması danışıqları son dərəcə çətin və həssas edir”.

Heydər Oğuzun fikrincə, İstanbulun görüş məkanı kimi seçilməsi də təsadüfi deyil:

“Türkiyə həm NATO üzvü, həm də İranla dialoq imkanlarını qoruyan regional güc kimi neytral platforma rolunu oynaya bilir. Bu da danışıqların texniki deyil, siyasi baxımdan ciddi əhəmiyyət daşıdığını göstərir. Bu təmaslardan dərhal böyük razılaşma gözləmək real deyil. Lakin tərəflərin birbaşa dialoqa başlaması eskalasiyanın qarşısını almaq, hərbi toqquşma riskini azaltmaq və prosesə vaxt udmaq baxımından vacibdir”.

Onun sözlərinə görə, əgər danışıqlar uğursuz olarsa, bu, ABŞ–İran münasibətlərində daha sərt mərhələnin başlanğıcı ola bilər və hərbi ssenari real gündəmə çevrilə bilər:

“ABŞ və İran arasında İstanbulda planlaşdırılan görüş müharibə ilə diplomatiya arasında incə bir xətt üzərində baş tutur. Bu təmas ya gərginliyin tədricən azaldılması üçün zəmin yaradacaq, ya da tərəflərin mövqelərinin uzlaşmadığını nümayiş etdirərək qarşıdurma ehtimalını daha da artıracaq. Mövcud şəraitdə bu görüş sadəcə diplomatik hadisə deyil, regionun gələcək təhlükəsizlik arxitekturasına təsir edə biləcək kritik mərhələ kimi qiymətləndirilir”.

Tunar

Seçilən
8
1
nocomment.az

2Mənbələr