AZ

Qızıl sürətlə bahalaşır – Nə qədər davam edəcək?

Qlobal əmtəə bazarlarında qızılın qiymətinin tarixi həddi aşaraq 1 troy unsiya üzrə 5 017 dollara çatması dünya iqtisadiyyatında baş verən dərin proseslərin göstəricisi kimi qiymətləndirilir.

Son sutka ərzində 67 dollarlıq artım təkcə texniki bahalaşma deyil, investor davranışında ciddi dəyişikliklərin baş verdiyini göstərir.

Bu artım fonunda əsas sual ondan ibarətdir ki, qızıl niyə bu qədər sürətlə bahalaşır və bu proses nə qədər davam edə bilər?

Əkrəm Həsənov

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, qızılın kəskin bahalaşmasının bir neçə əsas səbəbi var və onların hamısı qlobal qeyri-müəyyənliklə birbaşa bağlıdır.

Onun sözlərinə görə, hazırda dünya iqtisadiyyatı eyni anda bir neçə risklə üz-üzədir: ABŞ–İran qarşıdurması, Yaxın Şərqdə hərbi eskalasiya ehtimalı, Rusiya–Ukrayna müharibəsinin uzanması, eləcə də böyük iqtisadiyyatlarda borc yükünün rekord səviyyəyə çatması:

“Dövrlərdə investorlar riskli aktivlərdən – səhmlərdən, kriptovalyutalardan və inkişaf etməkdə olan bazarlardan çıxaraq ənənəvi “təhlükəsiz liman”lara yönəlirlər. Qızıl isə tarix boyu bu funksiyanı yerinə yetirib.

Dolların zəifləməsi, ABŞ-də dövlət borcunun artması və inflyasiya gözləntiləri də qızılı daha cəlbedici edir.

Mərkəzi bankların davranışı da qiymət artımında həlledici rol oynayır. Son illərdə bir çox ölkələrin, xüsusilə Çin, Rusiya, Hindistan və Yaxın Şərq ölkələrinin qızıl ehtiyatlarını sürətlə artırması bazarda əlavə tələb formalaşdırıb. Bu isə qiymətlərin psixoloji hədləri bir-bir aşmasına səbəb olub”.

Əkrəm Həsənov qeyd edir ki, adi insanlar üçün qızılın bu səviyyədə bahalaşması ciddi risklər də yaradır:

“Çünki qiymət zirvəyə yaxınlaşdıqca kor-koranə yatırım etmək ehtimalı artır.

Tarix göstərir ki, qızıl bazarında kəskin yüksəlişlərdən sonra müəyyən dövrlərdə ciddi korreksiyalar baş verir. Əgər investorlar emosional qərarla, yəni “hamı alır” psixologiyası ilə bazara daxil olurlarsa, sonradan qiymət düşəndə real maliyyə itkiləri ilə üzləşə bilərlər. Qızıla yatırım qısa müddətli spekulyativ alət kimi deyil, uzunmüddətli riskdən qorunma mexanizmi kimi nəzərdən keçirilməlidir. Yəni bütün vəsaiti qızıla yatırmaq düzgün yanaşma deyil.

Optimal variant portfelin müəyyən hissəsini – təxminən 10–20 faizini qızıl və ya qızıl əsaslı alətlərdə saxlamaqdır. Bu, inflyasiya və maliyyə böhranları zamanı ümumi zərəri azaltmağa kömək edir”.

Əkrəm Həsənovun fikrincə, hazırkı artımın nə qədər davam edəcəyi birbaşa geosiyasi vəziyyətdən asılıdır:

“Əgər Yaxın Şərqdə müharibə riski azalsa, ABŞ–İran və digər böyük qarşıdurmalar diplomatik müstəviyə keçsə, qızılın qiymətində eniş qaçılmaz ola bilər. Lakin əksinə, gərginlik dərinləşərsə və qlobal iqtisadi qeyri-sabitlik davam edərsə, qiymətlərin bir müddət də yüksək səviyyədə qalması mümkündür. İndiki mərhələdə qızıla yatırım edərkən əsas prinsip tələskənlikdən qaçmaq, maliyyə imkanlarını düzgün bölmək və uzunmüddətli strategiya seçməkdir. Qızıl zənginləşmə aləti yox, təhlükəsizlik alətidir. Bunu nəzərə almayan investorlar yüksəliş dövrünün sonunda risk altında qala bilərlər”.

Tunar

Seçilən
13
nocomment.az

1Mənbələr