AZ

Rumıniyalı mütəxəssis: BANM-də formalaşdırılmış kibertəhlükəsizlik mühitinə bir çox Avropa ölkələrində nadir rast gəlinir

Bakı, 3 fevral, AZƏRTAC

Kibertəhlükəsizliyin gələcəyi insanlara, təhsilə və uzunmüddətli beynəlxalq əməkdaşlığa əsaslanır. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə əməkdaşlıq çərçivəsində bu səfərin həyata keçirilməsi kibertəhlükəsizlik sahəsində ortaq baxışın və tərəfdaşlığın göstəricisidir.

AZƏRTAC xəbər verir ki, bunu Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun (ICI Buxarest) elmi direktoru Carmen Elena Cirnu Bakı Ali Neft Məktəbində keçirilən tədbirdə çıxışı zamanı deyib.

Carmen Elena Cirnu bildirib ki, BANM-də SOCAR-ın dəstəyi ilə formalaşdırılmış kibertəhlükəsizlik mühitinin bir çox Avropa ölkələrində belə nadir rast gəlinən nümunə olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu yanaşma gənclərə olan etimadı, strateji baxışı və gələcəyə yönəlmiş düşüncə tərzini əks etdirir.

““ICI Buxarest” 50 ildən artıqdır rəqəmsal texnologiyalar sahəsində fəaliyyət göstərən dövlət tədqiqat institutudur və bu illər ərzində əldə edilən əsas nəticə kibertəhlükəsizliyin yalnız texniki məsələ deyil, cəmiyyət üçün ortaq məsuliyyətə çevrilməsidir. Müasir dövrdə kibertəhlükəsizlik enerji, səhiyyə, nəqliyyat, rabitə və gündəlik həyatın bütün sahələrini əhatə edir. Bu sistemlərin qorunması insanların təhlükəsizliyini və cəmiyyətlərin dayanıqlılığını təmin edir. Mövcud təhlükəsizlik mühiti mürəkkəbdir və kiberhücumlar geosiyasi, cinayətkar və digər faktorlarla şərtlənərək sürətlə inkişaf edir. Azərbaycan təkcə enerji istehsalçısı deyil, eyni zamanda, enerji və regional bağlantı mərkəzi kimi strateji əhəmiyyət daşıyır. NATO-nun Sülh və Təhlükəsizlik naminə Elm Proqramı çərçivəsində dəstəklənən layihələr vasitəsilə Azərbaycanda ilk əməliyyat tipli kibertəlim poliqonunun yaradılması həyata keçirilir. Bu platforma real mühitə bənzər şəraitdə kiberinsidentlərin modelləşdirilməsi, sınaqdan keçirilməsi və təhlükəsiz şəkildə təhlil olunmasına imkan verəcək. Xüsusilə enerji sektoru kimi kritik infrastrukturlara fokuslanan bu kibertəlim mühiti Avropa və digər regionlardakı analoji mərkəzlərlə əlaqələndirilə bilən federativ sistemin bir hissəsidir”, - deyə elmi direktor qeyd edib.

Carmen Elena Cirnu vurğulayıb ki, rəqəmsal dünyada təhlükəsizlik heç vaxt lokal xarakter daşımır və yalnız kollektiv əməkdaşlıqla təmin oluna bilər. Elmi direktor tələbələrə müraciət edərək bildirib ki, kibertəhlükəsizlik təkcə bir peşə deyil, həm də cəmiyyətin iqtisadi sabitliyini və təhlükəsizliyini qorumağa xidmət edən məsuliyyətli bir missiyadır.

Seçilən
5
azertag.az

1Mənbələr