2025-ci ildə Kubanı təxminən 1,8 milyon xarici turist ziyarət edib. Bu göstərici əvvəlki illə müqayisədə 18% azdır.
“İki sahil” xəbər verir ki, bu barədə "Bloomberg" Kuba Milli Statistika İdarəsinin (ONEI) hesabatına istnadla məlumat yayıb.

Pandemiya dövrü (2020–2022-ci illər) istisna olmaqla, 2025-ci il Kuba turizm sektoru üçün son 20 ilin ən zəif ili olub. Rekord göstəricinin qeydə alındığı 2018-ci illə müqayisədə isə xarici turistlərin sayı 62% azalıb.
2025-ci ildə turizmdən əldə olunan gəlir 917 milyon dollar təşkil edib. Halbuki Kuba hakimiyyəti bu sahədən 1,2 milyard dollar gəlir gözləyirdi. Ekspertlər turizm axınının azalmasını ABŞ-ın tədbirləri fonunda daha da dərinləşən iqtisadi böhran və resessiya ilə izah edirlər.

Kubaya ən çox turist Kanadadan gəlir. İkinci yerdə xaricdə yaşayan kubalılar, üçüncü yerdə isə Rusiya vətəndaşları qərarlaşıb. Bununla belə, 2025-ci ildə Rusiyadan Kubaya gələn turistlərin sayı 2024-cü illə müqayisədə təxminən 30% azalıb.