Son dövrlərdə Azərbaycanda tərəvəz bazarında qiymətlərin nisbətən aşağı olması həm istehlakçıların, həm də satıcıların diqqət mərkəzindədir. Bazarlarda bəzi meyvə və tərəvəzlər hər zamankından aşağı qiymətə təklif edilir.
Hazırda Azərbaycan bazarlarında kənd təsərrüfatı məhsullarında qiymətlərin aşağı olmasının səbəbləri nədir?
Mövzu ilə bağlı Trend-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, mövsümi bolluq, yerli istehsalın artması və bazara çıxarılan məhsul həcminin çoxalması qiymətlərin stabilləşməsinə, bəzi hallarda isə əhəmiyyətli dərəcədə ucuzlaşmasına səbəb olub.
Onun sözlərinə görə, bu tendensiya əhalinin gündəlik tələbat məhsullarına daha əlçatan qiymətlərlə çıxışını təmin etməklə yanaşı, bazarda rəqabətin güclənməsini də şərtləndirir:
"Son dövrlərdə bəzi tərəvəz məhsullarının qiymətlərində stabilləşmə, bəzilərində isə enmə müşahidə edilir. Xüsusilə də hazırda pomidorun satış qiymətində azalma olub. Bunun səbəbi odur ki, Azərbaycanın kənd təsərrüfatı məhsulları daha çox daxili bazara yönəlib. Məhsullar daxili bazara yönəldiyi üçün bazarda bolluq yaranıb”.
İqtisadçı bildirib ki, Novruz bayramı öncəsi məhsulların qiymətlərində yenidən artım müşahidə ediləcək:
“Hazırda tərəvəz qiymətləri daxili bazarda əlçatandır. Supermarketlərdə kartof 1–1,5 manat, soğan 0.50–1 manat, yer kökü 0.80–1.20 manat, çuğundur 0.70–1.10 manat, pomidor 0.70–2 manat aralığında təklif edilir”.