AZ

İsrail “qırmızı xətt”i göstərdi: Netanyahudan Knessetdə müharibə mesajı

Yaxın Şərqdə təhlükəsizlik mühiti son dövrlər daha da həssas mərhələyə daxil olub. İsrail–İran münasibətlərində artan gərginlik region ölkələri üçün yeni risklər və çağırışlar yaradır. Belə bir şəraitdə tərəflərin verdiyi siyasi və hərbi mesajlar yalnız ikitərəfli münasibətlərə deyil, bütövlükdə regional sabitliyə təsir göstərir. İsrail Baş naziri Binyamin Netanyahunun son açıqlamaları da bu kontekstdə diqqətlə izlənilir.

Politoloq Oqtay Qasımov Editor.az-a açıqlamasında bildirib ki, Baş nazir Binyamin Netanyahunun Knessetdə səsləndirdiyi fikirlər ilk növbədə İsrailin daxili auditoriyasına hesablanmış siyasi mesaj kimi dəyərləndirilməlidir:

“12 günlük qarşıdurma dövründə İranın raket zərbələri İsrail üçün müəyyən itkilərlə nəticələnib, mülki əhali arasında ölən və yaralananlar olub, həmçinin ölkənin infrastrukturuna və yaşayış məntəqələrinə maddi ziyan dəyib. Bu faktorlar İsrail cəmiyyətində təhlükəsizliklə bağlı narahatlıqları artırıb və hökumət həmin narahatlıqları nəzərə almağa məcburdur. Netanyahunun İrana qarşı sərt mövqeyi uzun müddətdir məlumdur və o, bu xəttin ardıcıl tərəfdarı kimi çıxış edir. Bu baxımdan səsləndirilən bəyanat həm daxili ictimaiyyəti sakitləşdirməyə, həm də mümkün risklər fonunda İsrailin güc balansını nümayiş etdirməyə yönəlib.

Eyni zamanda, bu açıqlama İran üçün də açıq mesaj xarakteri daşıyır. Oqtay Qasımovun fikrincə, əgər ABŞ ilə İran arasında mümkün hərbi qarşıdurma baş verərsə və bu prosesdə İsrail hədəfə alınarsa, İsrailin kənarda qalması real görünmür və Vaşinqtonla koordinasiyalı şəkildə hərəkət edəcəyi ehtimalı yüksəkdir”.

Ekspert vurğulayıb ki, İsrail uzun müddətdir belə bir ssenariyə hazırlaşır və mövcud şəraitdə də bu hazırlıqlar davam etdirilir. Onun sözlərinə görə, İranla bağlı məsələlərin Netanyahunun 28 dekabrda ABŞ-a səfəri zamanı Donald Trampla müzakirə olunması da bu mövzunun İsrailin strateji gündəmində ön sırada yer aldığını göstərir.

//Gülnarə Abasova, Editor.az

Seçilən
0
editor.az

1Mənbələr