Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambulası dəyişir.
Belə ki, Milli Məclisin ötən gün keçirilən iclasında ikinci səsvermədə müzakirəyə çıxarılan “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsində Moskva və Qars müqavilələrinin adının Naxçıvan Konstitusiyasından çıxarılması II səsverməyə qoyularaq qəbul edilib.
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambulasının dəyişməsi, Moskva və Qars müqavilələrinin adının Naxçıvan Konstitusiyasından çıxarılması hansı mənaya gəlir? Naxçıvanın Muxtar Respublika statusu ləğv edilir?
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi ilə bağlı Konstitusiya Qanunu artıq ikinci oxunuşda qəbul olunub:
“Konstitusiya qanunlarının iki oxunuşda qəbul olunduğunu nəzərə alsaq, bu prosesin artıq tamamilə başa çatdığını deyə bilərik.
Məlum olduğu kimi, dəyişikliyə əsasən, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının preanbula üzrə birinci və ikinci abzasları ləğv edilib, üçüncü və dördüncü abzasları isə yeni redaksiyada verilib.
Yeni redaksiyada verilən üçüncü abzasda qeyd olunur ki, “Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz hissəsidir”.
Əlavə edilən bu abzas, zənnimcə bütün digər məqamlara, o cümlədən daha əvvəl istinad edilən müqavilələrin hazırda hər hansı bir qüvvəyə malik olmadığı barədə tarixi və hüquqi reallığa tam aydınlıq gətirir.
Qars və Moskva müqavilələri, Azərbaycan de-fakto və de-yure işğal altında olduğu zaman imzalanıb. Ölkəmiz 1922-ci ildə Zaqafqaziya Sosialist Federativ Respublikasının tərkibinə qatılmağa məcbur edilib. Daha sonra federasiyanın tərkibində SSRİ adlanan şər imperiyasının tərkibinə Azərbaycan xalqının milli iradəsinə zidd olaraq daxil edilib. 1936-cı ildə isə ZSFSR ləğv edilib və Azərbaycan SSR ayrıca müttəfiq respublika kimi SSRİ-nin tərkibinə qatılıb. Qars və Moskva müqavilələri ilə Naxçıvanın hüdudları müəyyənləşdirilib və ərazinin hər hansı bir digər ölkəyə verilməməsi öhdəliyi ilə Azərbaycanın tərkibində olması hüquqi baxımdan təsbit edilib.
Naxçıvanın Konstitusiyasına əlavə edilən “Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz hissəsidir” ifadəsi, hətta hazırda hüquqi əsasları mübahisəli olsa da, sözügedən öhdəliklə məsələyə birdəfəlik nöqtə qoyur. Preambula hissəsində Azərbaycan Respublikasında qəbul edilmiş hüquqi sənədlərə istinad isə Naxçıvan Muxtar Respublikasının hüquqi statusunun suveren Azərbaycan Respublikasının vətəndaşlarının iradəsinə uyğun olaraq müəyyənləşdiyini ortaya qoyur ki, bu da həm ölkə qanunvericiliyinin, həm də beynəlxalq hüququn norma və prinsiplərinin tələblərinə uyğundur.
Zənnimcə Naxçıvan Muxtar Respublikası ilə bağlı hüquqi islahatlar başa çatmayıb. Sadəcə birinci mərhələ yekunlaşıb. Digər mərhələyə keçid isə Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi üçün ümumxalq səsverməsi keçirildiyi halda baş verə bilər”.
Ekspert deyib ki, ola bilsin ki, ölkə konstitusiyasının 134-cü maddəsinin I bəndinin quruluşuna yenidən nəzər salmağa ehtiyac var:
“Məsələn, sözügedən maddədə “muxtar dövlət” sözünü “muxtar inzibati-ərazi subyekti”, “muxtar vilayət”, yaxud “muxtar respublika” kimi də qeyd etmək olar.
Naxçıvanın konstitusiyasında Moskva və Qars beynəlxalq müqavilələrinə də istinad olunur. Bu isə statusun hüquq əsaslarının həm də beynəlxalq müqavilələrlə müəyyənləşdirilməsi reallığını yaradır”.
Deputat qeyd edib ki, başqa bir məqam isə Naxçıvan MR Ali Məclisinin adı ilə bağlıdır.
“Naxçıvan MR Ali Məclisinin adındakı “ali” sözü sözügedən orqanın real hüquqi statusundan yüksəkdir və muxtar respublikanın parlamenti, sadəcə “Məclis” adlandırılmalıdır.
Qeyd edim ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1990-cı ilin noyabr ayının 17-dək Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının (Naxçıvan MSSR) Ali Soveti adlanıb. Həmin dövrdə Azərbaycan SSR-in və onun ayrılmaz bir parçası olan Naxçıvan MSSR-in ərazisinə daxil olan bütün subyektlərdə xalq deputatları sovetləri fəaliyyət göstərirdi və və təbii ki, yerli sovetlər olduğu üçün daha yüksək statuslu orqanın – Ali Sovetin olması da labüd idi. Naxçıvan MSSR-in adından “Sovet Sosialist” sözləri çıxarıldıqdan, Ali Sovetin adındakı “Sovet” sözü “Məclis”lə əvəz edildikdən bir müddət sonra da yerli ərazi subyektlərində xalq deputatları sovetləri fəaliyyət göstərdiyindən, həmin dövrdə də “ali” sözünün qalmasını başa düşmək olar. Amma indi Naxçıvanda nə “xalq deputatları sovetləri” var, nə də yerli “məclis”lər. Əgər yerlərdə məclislər yoxdursa, təbii ki, olmayan məclislərin “Ali”si də ola bilməz.
Digər tərəfdən, məlum olduğu kimi, Azərbaycan Respublikasının ali qanunvericilik orqanı Milli Məclis adlanır. Belə olduğu təqdirdə, Azərbaycanın inzibati ərazi subyektlərindən birinin qanunverici orqanı “Ali Məclis” adlana bilməz. Çünki “Ali” daha yüksək deməkdir.
Qənaətimə görə, əgər gələcəkdə bu istiqamətdə islahatların həyata keçirilməsi nəzərdə tutulubsa, o zaman Naxçıvan MR Ali Məclisinin adından “Ali” sözünün çıxarılması daha doğru, daha məntiqli olar”.
Atilla Rzasoy