AZ

ABŞ-da immiqrasiya zabitlərinin üzərində müşahidə kameraları yerləşdiriləcək

Bakı, 3 fevral, AZƏRTAC

ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem bildirib ki, onun rəhbərlik etdiyi departament Minnesota ştatında fəaliyyət göstərən bütün hüquq-mühafizə orqanlarının əməkdaşlarının üzərində müşahidə kameraları yerləşdirəcək.

AZƏRTAC CNN telekanalına istinadla xəbər verir ki, nazir “X” platformasında bildirib: “Bu qayda dərhal qüvvəyə minəcək, Minneapolisdə hər bir zabitin üzərində müşahidə kameraları yerləşdiririk”. O əlavə edib ki, maliyyələşdirmə mümkün olduğundan, bu kameraların tətbiqi proqramı ölkə miqyasında genişləndiriləcək. “Biz sürətlə bu kameraları əldə edib ölkə daxilində DHS hüquq-mühafizə orqanlarında yerləşdirəcəyik”, - deyə nazir bildirib.

Bu açıqlama Minnesota ştatında bir aydan çoxdur davam edən ICE əməliyyatlarına və federal immiqrasiya agentləri tərəfindən atışmalara qarşı etirazlar fonunda verilib. Nümayişlər ötən ay iki nəfərin immiqrasiya xidməti zabitləri tərəfindən öldürülməsindən sonra daha da artıb.

Bu arada, ABŞ Prezidenti Donald Tramp zabitlərin üzərində müşahidə kameralarının yerləşdirilməsini onun qərarı olmadığını bildirib. “Mən bu qərarı ona ( Noemə-red.) buraxıram”, - deyə o, Ağ Evdə jurnalistlərə bildirib.

Eyni zamanda, Tramp bu qərarın hüquq-mühafizə orqanları üçün müsbət addım olduğunu bildirib. O əlavə edib: “Çünki insanlar baş verənlər barədə yalan danışa bilməyəcəklər. Əgər Noem bu tədbiri həyata keçirmək istəyirsə, mənim üçün heç bir problem yoxdur”.

Seçilən
9
3
azertag.az

4Mənbələr