Ötən mövsüm MisliPremyer Liqasındakı mübarizəni 58 xalla 3-cü pillədə başa vuran "Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsində Yunanıstan "Aris"ini mübarizədən kənarlaşdırması (2:2, 2:1) şübhəsiz, yerli futbolsevərlərin ürəyinə ümid toxumu səpdi. Muxtar Respublika təmsilçisinin Elmar Baxşıyevin rəhbərliyi altında yeni inkişaf mərhələsinə qədəm qoyduğunu dilə gətirənləri anlamaq çətin deyildi. Təbii, "qırmızı-ağlar"ın bu kollektivi qonaq qismində yenməsi hər birimizi sevindirmişdi. Bu başqa məsələ ki, 2-ci təsnifat mərhələsindəki rəqib - Kipr "Omoniya"sı acı reallıqla arzuların sərhədinin harada kəsişdiyini üzə çıxardı. Evdə 4 cavabsız qola üzülən "Araz" səfərdə tərəfdarlarını 0:5-lə məyus etdi və avrokuboklarda mübarizəni dayandırdı.
O məğlubiyyətə baxmayaraq...
Baxşıyevin komandasının "Omoniya"ya hər iki qarşılaşmada böyük hesabla yenilməsinin səbəblərindən biri də braziliyalı mərkəz müdafiəçisi İqor Ribeyronun öncədən "Neftçi" ilə anlaşması idi. Hə, bir futbolçunun yoxluğu məntiqlə, o qədər də böyük itki sayılmamalıdır, lakin Ribeyro bu kollektiv üçün daha çox şey demək idi və onun komandanın 3-cü yeri tutmasında xüsusi payı var idi. "Sambaçı"nın 2-ci təsnifat mərhələsinin oyunlarında olmaması fiasko ilə nəticələndi. Başqa sözlə, lidersiz qalan müdafiə xətti aqressiv adalıların aramsız hücumları qarşısında tab gətirə bilmədi. Avropa səhnəsi ilə üzücü vidalaşmaya rəğmən, bu kollektivin yeni mövsümdə də yüksək yerlər uğrunda mübarizə aparacağı güman edilirdi. Əslində, böyük ölçüdə nəsə dəyişməmişdi və belə desək, ev oyunlarını "Liv Bona Dea Arena"da keçirən naxçıvanlılar heç də qapazaltıya çevrilməmişdi. İlk turda "Zirə" ilə heç-heçə edən (1:1) kollektiv 2-ci turda "Turan Tovuz"u (2:1), ardından "Qəbələ"ni (2:1), daha sonra "Kəpəz"i (2:0) yendi. 5-ci turda "Qarabağ"dan alınan 0:5 hesablı məğlubiyyət isə mövcud gerçəklik fonunda biabırçı nəticə sayılmadı. Yəni "Araz" "Omoniya" ilə görüşlərin psixoloji fəsadlarının təsiri altına düşmədi və vaxtında toparlanmağı, yalnız irəli baxmağı bacardı.
Baxşıyev gözlənilmədən göndərildi
Elmar bəyin dekabrda istefaya göndərilməsinə ciddi izah tapmaq müşkül məsələdir. Niyəsini klubdakı əsas söz sahibi Zaur Axundovdan və 45 yaşlı çalışdırıcıdan başqa kimsə dəqiq bilmir. Hərçənd mütəxəssisin komandadan getmək qərarını özü verdiyini deyib. Yerli çalışdırıcı ilə yollar ayrıldığı zaman komanda nə avrokuoklara vəsiqə şansını itirmişdi, nə də oyun planında aşkar düşüş sezilirdi. Dekabrın 21-də baş tutan və "Şamaxı" üzərində qazanılan 2:0 hesablı qələbədən sonra Baxşıyevlə yolların ayrıldığı üzə çıxdı.
Demçenko yaxşı başlamayıb
Klub Baxşıyevi ukraynalı mütəxəssis Andrey Demçenko ilə əvəzlədi. Komanda onun gəlişindən sonra 2 oyuna cəmi 1 xal qazanıb. Ötən gün isə "qırmızı-ağlar" "Neftçi"yə 4 cavabsız qolla uduzub. Demçenkonun mövsümün sonunda hansı nəticəyə imza atacağını zaman göstərəcək. İndiki vəziyyət isə perspektiv baxımından nəyinsə yaxşıya doğru dəyişmədiyini söyləməyə əsas verir. Avrokuboklar uğrunda mübarizə aparan kollektivlərin - ilk "5-lik"dəki "Sabah", "Qarabağ", "Turan Tovuz", "Sumqayıt" və "Zirə"nin heyətlərini və oyun keyfiyyətlərini "Araz"ınkı ilə müqayisə etsək, ukraynalının rəhbərlik etdiyi komanda özündən yuxarıdakıların heç birindən üstün performansla diqqət çəkmir. Qarşıdakı 2-3 turda Naxçıvan təmsilçisi oyun planında sıçrayışla diqqət çəkməsə, futbol ictimaiyyətini parlaq nəticələrlə təəccübləndirməsə, çox güman ki, qitəmiqyaslı turnirlərə vəsiqə arzusu arzu olaraq qalacaq.
Əcnəbi məşqçi sevdası
Bəli, Baxşıyevlə fikirləri üst-üstə düşməyən rəhbərlik komandanı digər yerli mütəxəssisə də tapşıra bilərdi. Razılaşaq ki, çıxdığı matçlarda nə etmək istədiyi anlaşılmayan legioner məşqçiyə qucaq açan camiənin bu addımından daha çox əcnəbi sevdasının qoxusu gəlir. Legioner məşqçi ilə əməkdaşlıq həm də ona maaş və mükafat şəklində ödənilən pulların ölkədən çıxması deməkdir. Sanki Demçenko Azərbaycana dəb xatirinə dəvət edilib. Onun yerli futbol mentalitetinə öyrəşməsinə, rəqibləri dərindən tanımasına azı maya qədər vaxt lazım olacaq. Həmin vaxta qədər qatar getməsə...
Fanat.Az