
Qızılın qiyməti son günlərdə kəskin eniş yaşasa da, dünyanın nəhəng bankları bu qiymətli metalın gələcəyi ilə bağlı olduqca optimist proqnozlar verirlər.
AFN.az xəbər verir ki, "JPMorgan" bankı 2026-cı ilin sonuna qədər qızılın bir uniyasının 6300 dollara çatacağını proqnozlaşdırır.
Cümə günü 1983-cü ildən bəri ən kəskin birgünlük düşüşünü yaşayan qızıl, həftənin ilk günü də enişini davam etdirib. Bu azalmaya əsas səbəb kimi Prezident Donald Trampın Kevin Uorşu Federal Ehtiyat Sisteminin (FED) rəhbəri postuna namizəd göstərməsi və bu xəbərin investorları sakitləşdirməsi göstərilir.
Buna baxmayaraq, "JPMorgan" orta müddətli dövrdə qızılın artım trendinin qaçılmaz olduğunu bildirir. Bankın qənaətinə görə, bu il mərkəzi bankların 800 ton qızıl alacağı gözlənilir. Eyni zamanda, investorların maliyyə aktivlərindən real aktivlərə (qızıla) keçidi davam etdirməsi strateji diversifikasiya prosesini gücləndirir. "World Gold Council"in məlumatına görə isə tarixdə ilk dəfə qızıl ehtiyatları 5000 tonu keçib.
Qızıl üçün yüksək hədəflər müəyyən edən tək qurum "JPMorgan" deyil. Digər böyük maliyyə institutları da oxşar mövqedədir:
UBS və Société Générale: 6200 və 6000 dollar;
Deutsche Bank: 6000 dollar;
Goldman Sachs və Citi: Müvafiq olaraq 5400 və 5000 dollar.
Qiymət artımını tətikləyən əsas faktorlara gəlincə, 2025-ci ildə qızılın orta qiyməti 3431 dollar olmaqla əvvəlki ildən 44% yüksək olub. Bu sıçrayışın əsas səbəbləri kimi Trampın gömrük rüsumları ilə bağlı narahatlıqlar, inflyasiya təhlükəsi, dolların zəifləməsi və Ukrayna ilə Qəzzadakı geosiyasi gərginliklər göstərilir. Bundan əlavə, FED-in faiz dərəcələrini aşağı salmaq ehtimalı gəlir gətirməyən qızılı investorlar üçün daha cəlbedici edir.