AZ

Qətər beynəlxalq mayeləşdirilmiş təbii qaz konfrans-sərgisinə ev sahibliyi edir  

Dohada Qətər Əmiri Şeyx Tamim bin Hamad Əl-Taninin iştirakı ilə Milli Konqres Mərkəzində 21-ci Beynəlxalq Mayeləşdirilmiş Təbii Qaz Konfransı və Sərgisinin (LNG2026) açılışı olub.

AZƏRTAC rəsmi QNA agentliyinə istinadla xəbər verir ki, açılış mərasimində Qətər Dövlətinin tarixini, mayeləşdirilmiş təbii qaz və təmiz enerji sənayesinin inkişaf mərhələlərini əks etdirən sənədli film təqdim olunub.

Sonra Qətərin enerji məsələləri üzrə dövlət naziri Səad bin Şerida Əl-Kaabi çıxış edib. O bildirib ki, Qətərin mayeləşdirilmiş təbii qaz sənayesi misli görünməmiş inkişaf mərhələsindədir və istehsal gücünü ildə 77 milyon tondan 160 milyon tona, o cümlədən Şimal yatağından 142 milyon tona qədər artırmağı hədəfləyən meqalayihələrin həyata keçirilməsi davam edir. Bu genişlənmənin növbəti onillikdə yeni qlobal mayeləşdirilmiş təbii qaz tədarükünün təxminən 40 faizini təşkil edəcəyi gözlənilir.

Nazir əlavə edib: “Bu genişlənməni dəstəkləmək üçün “QatarEnergy” şirkəti sənaye tarixində 128 qabaqcıl gəmidən ibarət ən böyük mayeləşdirilmiş təbii qaz daşıyıcısının inşası proqramına start verib. Bu günə qədər 38 daşıyıcı çatdırılıb və hər üç həftədən bir yeni daşıyıcını qəbul etmək planlaşdırılır. Bu, şirkətin donanmasını yaxın illərdə təxminən 200 gəmiyə malik olan dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz donanmasına çevirəcək”.

O əlavə edib ki, bu strateji genişlənmə həm Qətər daxilində, həm də beynəlxalq səviyyədə neft-kimya sektoruna da şamil olunur və istehsal gücünün mövcud səviyyələrlə müqayisədə təxminən 235 faiz artması gözlənilir. Bununla da qlobal bazarlara yüksək dəyərə malik məhsulların tədarükü artacaq.

Qətərin dövlət naziri vurğulayıb ki, Dohada LNG2026 sərgisinə ev sahibliyi etmək onun ölkəsinin LNG sənayesindəki aparıcı mövqeyini və qlobal enerji təhlükəsizliyinə töhfə verən əsas rolunu əks etdirir.

Seçilən
3
2
azerbaijan-news.az

3Mənbələr