AZ

Ən güclü smartfonlar hansılardır?

"AnTuTu" bençmark platforması 2026-cı ilin yanvar ayı üzrə ən yüksək məhsuldarlığa malik smartfonların ilk onluğunu təqdim edib. Reytinqə Çin bazarında təqdim olunan flaqman modellər daxil edilib.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Siyahının lideri Red Magic 11 Pro+ olub. Cihaz 4 104 271 bal toplayaraq rəqiblərini geridə qoyub. Smartfon Snapdragon 8 Elite Gen 5 prosessorunun maksimal imkanlarını açmağa imkan verən ventilyatorlu və maye soyutmalı kombinə edilmiş soyutma sistemi ilə təchiz edilib.

İkinci yerdə Vivo X300 Pro qərarlaşıb. MediaTek Dimensity 9500 çipi ilə işləyən model 4,09 milyon bal toplayıb. Üçüncü pillədə isə Snapdragon 8 Elite Gen 5 prosessorlu Realme GT8 Pro (4,07 milyon bal) yer alıb.

Reytinqdə növbəti yerləri iQOO 15 (3,94 mln), Honor Magic 8 Pro (3,93 mln) və Honor Win (3,93 mln) tutub. Bu modellərin hamısı Snapdragon 8 Elite Gen 5 flaqman çipi ilə işləyir.

7–10-cu yerlərdə isə Honor Magic 8 (3,91 mln), OnePlus 15 (3,87 mln), Redmi K90 Pro Max (3,83 mln) və Vivo X300 (3,73 mln) qərarlaşıb. Qeyd olunur ki, siyahıdakı modellərdən yalnız Vivo X300 MediaTek Dimensity 9500 prosessoru ilə təchiz edilib.

Bildirilir ki, reytinq əsasən Çin bazarı üçün nəzərdə tutulmuş smartfonları əhatə edir. Bununla belə, siyahıya daxil olan bəzi modellər digər ölkələrdə, o cümlədən Rusiyada da satışa çıxarılır.

Nuriyyə NATİQQIZI

Seçilən
16
2
redaktor.az

4Mənbələr