“Bizim üçün uzun illər ərzində böyük problemə çevrilmiş, qürur məsələsi olan Qarabağ münaqişəsi tarixi bağlanmış məsələ kimi həll olundu. İdeologiyası terror, vandalizm və vəhşilik üzərində qurulan Ermənistanın, eləcə də onu xaricdən idarə edən və dəstəkləyən siyasi dayaqlarının məqsədli planları tarixə qovuşdu. Bu hadisə həm region üçün, həm də müasirləşən texnoloji inqilablar fonunda sürətlə inkişaf edən, sivil düşüncəyə inteqrasiya olunan dünya üçün son dərəcə önəmli bir məsələdir”.
Adalet.az xəbər verir ki, bunu “Yeni Xətt” siyasi tədqiqatlar mərkəzinin rəhbəri Ramil Hüseynov deyib.
O, bildirib ki, Azərbaycan diplomatiyası bu prosesi təkcə regionda dayanıqlı sülhün bərqərar olması üçün deyil, həm də qlobal miqyasda məkrli və ədalətsiz planları həyata keçirməyə çalışan qüvvələrin çirkin niyyətlərinə son qoymaq məqsədilə uğurla reallaşdırdı:
“Nəticədə biz suverenliyimizi, azadlığımızı və ərazi bütövlüyümüzü bərpa etdik. Dünya isə bu prosesin həyata keçirilməsindən sonra yeni reallıqları qəbul etməyə məcbur qaldı və bunun fonunda yeni geosiyasi münasibətlərin formalaşması ortaya çıxdı. Azərbaycan xalqı, Ordumuz və diplomatiyamızın birliyi sayəsində hərbi, diplomatik və strateji üstünlük əldə edərək tarixi həqiqətlərə qarşı çıxan, tarixi saxtalaşdırmağa çalışan, ədalətsiz və haqsız mövqeləri dəstəkləyən bu toplum düşüncəyə bütün bu addımları ilə ciddi bir siyasi şapalaq vurdu. Qazanılmış bu tarixi dəyərin əhəmiyyətini qiymətləndirməyi bacarmayanlar isə, yumşaq desək, siyasi avaralardır. Artıq bu çevrələrin mövqeləri mövcud siyasi reallıqlarla uzlaşmır və onların bugünkü reallıqlara uyğun davranış nümayiş etdirə bilməməsi açıq şəkildə görünür. Davranışlarını tənzimləyə bilməyərək səmərəsiz və dövlət əleyhinə yönəlmiş fəaliyyətlərin qarşısının alınması məqsədilə konkret addımlar atılır və bu addımlar Azərbaycan xalqı tərəfindən dəstəklənir”.
Vasif ƏLİHÜSEYN