AZ

Bu uçotun yalnız FİN ilə aparılması təklif olunur

Sığortaolunanların sığortaçıda uçotunun yalnız FİN ilə aparılması təklif olunur.

"Unikal" xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsində, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarda dəyişiklik ediləcək. 

Məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında keçirilən iclasında müzakirəyə çıxarılıb.

Layihədə sığortaolunanların sığortaçıda uçotunun yalnız FİN ilə aparılması təklif edilir. Bu dəyişikliklər sosial sığorta sistemində məlumatların idarə olunmasında vahidliyi və uyğunluğu təmin edəcək, eləcə də qurumlar arasında məlumat mübadiləsini asanlaşdıraraq e-sistemlərin inteqrasiyasını sürətləndirəcək. 

Beləliklə, sözügedən layihənin qəbul edilməsi sosial sığorta sisteminin fəaliyyətində müasir yanaşmaların tətbiqi və səmərəliliyin artırılmasına imkan verəcək. Eyni zamanda, sığortaedənlər tərəfindən işə qəbul edilərkən sosial sığorta nömrəsi olan sığortaolunanlardan SSN-in tələb edilməsinə və ya başqa üsulla sosial sığorta nömrəsinin öyrənilməsinə ehtiyac qalmayacaq.

Qeyd edək ki, dövlət sosial sığorta sistemində elektron xidmətlərə keçidin sürətləndirilməsi və innovativ həllərin tətbiqi mütəmadi olaraq bu sistemlə bağlı dəyişikliklərin aparılmasını və təkmilləşdirilmələrin həyata keçirilməsini zəruri edir. Sosial sığorta nömrəsi verilərkən elektron sistemlərdə həmin şəxsin şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsi ilə əlaqələndirilir. Hazırda sığortaedənlər tərəfindən muzdlu işlə əlaqədar vahid rüblük bəyannamə təqdim edilərkən sosial sığorta nömrəsi (SSN) və FİN məlumatların hər ikisinin daxil edilməsi əlavə iş yükü yaradır və sistemdə məlumat bazasının yüklənməsinə səbəb olur. Əksər dövlət orqanlarının müvafiq sahələrində məlumatların uçotu FİN üzərindən aparılır.

Anar Kəlbiyev

Seçilən
0
unikal.az

1Mənbələr