İsrailin Baş naziri Binyamin Netanyahu, ABŞ-nin İrana hücum edib-etməyəcəyi ilə bağlı müzakirələr davam edərkən, Tehran rəhbərliyini “dözülməz nəticələrlə üzləşəcəklər” sözləri ilə hədələyib.
"Cebheinfo.az" xəbər verir ki, Netanyahu İsrail Knessetinin yaradılmasının 77-ci ildönümü münasibətilə etdiyi çıxışda, ABŞ-nin mümkün hücumunun gündəmdə olduğu bir vaxtda İrana yönəlik təhdidlərini davam etdirib.
Qarşıda hələ çoxlu çətinlik və sınaqların olduğunu bildirən Netanyahu, İran hakimiyyətinə müraciətlə, “Hər cür inkişaf qarşısında ayıq-sayıq və hazırlıqlıyıq. Bizə hücum edən hər kəs dözülməz nəticələrlə üzləşəcək”, – deyə bildirib.
Bu arada Ağ Ev rəsmilərinin açıqlamasına görə, ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff sabah İsrailə səfər edərək Netanyahu ilə görüşəcək.
İsrail mətbuatı ABŞ-li xüsusi nümayəndə Uitkoffun İsrail Baş Qərargah rəisi Eyal Zamirlə də görüşməsinin gözlənildiyini bildirərək, səfərin İranla gərginliyin artdığı bir dövrə təsadüf etdiyini vurğulayıb.
ABŞ-nin İrana mümkün hücumu ilə bağlı qarşılıqlı bəyanatlar və müzakirələr davam edərkən, israilli rəsmilər hər cür ssenariyə qarşı hazırlıq görüldüyünü açıqlamışdı.
İsrailin Baş naziri Binyamin Netanyahu daha əvvəl də İranın ölkəsinə hücumu halında sərt cavab veriləcəyi ilə bağlı xəbərdarlıq etmişdi.