Ötən gün teleaparıcı Səidə Bəkirqızı ilə Azad Vətən Partiyasının sədri Akif Nağı arasında baş tutan debat müzakirələrə yol açıb. Bu müzakirələrə naşir, "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu da qoşulub.
Ölkə.Az-ın məlumatına görə, o, Səidə Bəkirqızına dəstək nümayiş etdirsə də, fikirləri birmənalı qarşılanmayıb.
"Bizim cəmiyyətdə bir qadın irəli çıxan kimi, demək olar ki, bütün sahələrdə patriarxal düşüncəlilərin sualları başlayır: “Arxasında kim dayanır?”, “Sponsor kimdir?”, “Necə oldu ki, birdən-birə irəli çıxdı?”, “Hansı qüvvə onu ortaya salıb?” Və ardınca bitməyən şayiələr, söz-söhbətlər…
Son vaxtlar bu yanaşmanın hədəfində Səidə Bəkirqızıdır. Halbuki o, əvvəldən televiziyada çalışıb. Sadəcə sosial media onun üçün uyğun platforma oldu və ulduzu parladı. İndi isə yenə eyni sual dolaşır: “Bu qızın arxasında kim durur?”
Bir qadının arxasında kimin dayandığını axtarmağa bu qədər enerji sərf etməkdənsə onun cəsarətinə baxın, danışıq tərzini, qətiyyətini, məntiqini dəyərləndirin, gündəmə gətirdiyi mövzulara fikir verin", - deyə Ş.Xuduoğlu status yazıb.
Onun mövqeyi ilə razılaşmayanlar arasında olan media nümayəndəsi Nihad Pir isə bildirib ki, S.Bəkirqızının fəaliyyətini jurnalistika hesab etmir.
"Bu adam nəfəs alanda da artıq başıma düşür. Bu, jurnalistika deyil. Belə jurnalistika olmur. Belə aparıcılıq olmur. Ümumiyyətlə, belə efir də olmur. Çatana daş atmaq, çatana ağzına gələni demək, "qadınam, zor edirəm" ritorikası ilə başı çıxdı-çıxmadı, hər mövzudan danışmaq, ən yaxşı halda, biabırçılıqdır. Siz də deyirsiniz ki, cəsarət və cəsarətli.
"Danışıq tərzini, qətiyyətini, məntiqini dəyərləndirin, gündəmə gətirdiyi mövzulara baxın" - baxaq. Danışıq tərzi maksimum küçə ritorikasıdır. Məntiqini dəyərləndirək - süni intellektlə hazırlanmış videoya yeddi dəqiqəlik efir həsr etmişdi. Deyir, ayıbdır, başa düşmür ki, video real deyil. Gündəmə gətirdiyi mövzulara baxın - baxaq: Rəqsanə niyə elə geyinib, Tolik niyə belə edib. Əla. Əsl qətiyyət nümunəsi.
Təkrar edirəm, bu, jurnalistika deyil və bu, cəsarət də deyil. Ən yaxşı halda, biabırçılıqdır", - deyə jurnalist Nihad Pir yazıb.
Xatırladaq ki, Akif Nağı teleaparıcının ünvanına növbəti dəfə sərt fikirlər səsləndirib. Bununla bağlı olaraq onunla Səidə Bəkirqızı arasında debat baş tutub.
Teleaparıcı müxtəlif sosial platformalarda qalmaqallı çıxışları ilə tanınır. Onun fikirləri isə sosial şəbəkə istifadəçiləri arasında birmənalı qarşılanmır. S.Bəkirqızını dəstəkləyənlərlə yanaşı, fəaliyyətini bəyənməyənlər də var.
Bundan öncə müğənni Rəqsanə İsmayılova ilə qalmaqal yaşayan teleaparıcı onu məhkəməyə verəcəyini bildirib. Səidə Bəkirqızı şou-biznes nümayəndəsinin onun ünvanına söylədiyi təhqiramiz ifadələri bağışlamayacağını açıqlayıb.
Müğənni isə bir ötən gün ondan üzr istəyib və teleaparıcı ilə üzbəüz söhbət etmək niyyətində olduğunu bildirib.
Ölkə.Az