AZ

Rusiyanın daha bir dəhşətli ZƏRBƏLƏRİ: 800-dən çox yaşayış binası İSTİLİKSİZ QALDI

Ajans.az xəbər verir ki, bu barədə Xarkov meri İqor Terexov Telegram kanalında bildirib. Hücumun məqsədi şəhərə maksimum ziyan vurmaq və onu şiddətli soyuqda istiliksiz qoymaqdır. Onun sözlərinə görə, istilik sistemlərinin donmasının qarşısını almaq üçün sözügedən binaların müvəqqəti olaraq boşaldılması planlaşdırılır. “Mən -20°C hava şəraitində bunun nə qədər çətin olduğunu başa düşürəm. Lakin düşmənin mühüm infrastruktura misli görünməmiş hücumu bizi buna məcbur edir. Mütəxəssislər başqa çıxış yolu görmür”, – deyə Terexov qeyd edib. Mer əlavə edib ki, şəhərdə 101 təhlükəsizlik və istilik məntəqəsi gecə-gündüz fəaliyyət göstərəcək, zərurət yaranarsa, onların sayı artırılacaq. Məlumata görə, ötən gecə Xarkovda temperatur -24°C-yə düşüb, gündüz saatlarında isə -15°C-yə qədər yüksələcəyi gözlənilir. Fevralın 3-nə keçən gecə Kiyev də Rusiya dronları və ballistik raketlərinin hücumuna məruz qalıb. Şəhərin Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkonun bildirdiyinə görə, hücumun nəticələri beş rayonda qeydə alınıb. Şevçenkivski rayonunda 22 mərtəbəli yaşayış binasına ziyan dəyib, iki nəfər yaralanıb. Dnepr rayonunda isə beşmərtəbəli yaşayış binası zərər görüb. Paytaxt sakinləri əvvəlki kütləvi zərbələrdən sonra bərpa edilən istilik sisteminin yenidən sıradan çıxdığını bildiriblər. Kiyevdə gecə temperaturu -19°C olub, gündüz isə -13°C-yə yüksələcəyi proqnozlaşdırılır.

Məlumata görə, Rusiya fevralın 2-də – ABŞ prezidenti Donald Trampın Vladimir Putindən tələb etdiyi “atəşkəs” müddətinin başa çatmasından bir gün əvvəl Ukraynanın enerji infrastrukturuna hücumları yenidən intensivləşdirib. Nəticədə Xarkov, Sumı, Dnepropetrovsk və Çerkası vilayətlərində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Kiyev və Kiyev vilayətində isə elektrik çatışmazlığı davam edib.

Seçilən
31
Ajans.az

1Mənbələr