ain.az, Bakivaxti portalına istinadən məlumat verir.
Çinin Britaniya vətəndaşları üçün 30 günlük vizasız rejim tətbiq etməsi London-Pekin münasibətlərində müşahidə olunan yumşalma fonunda diqqət çəkir. Bu addımın Çin-Qərb münasibətlərində yeni yaxınlaşma mərhələsinin başlanğıcı olub-olmayacağı isə müzakirə mövzusudur.
Mövzuyla bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, Çinlə Qərb arasındakı əsas qarşıdurmanın kökündə əslində Amerikanın maraqları dayanır. Vaşinqtonun vahid Qərb planı çərçivəsində hərəkət etməsi uzun müddətdə Çinlə problemlərin yaranmasına səbəb olub.
Politoloqun sözlərinə görə, mövcud vəziyyətdə isə, istər İrlandiya böhranı, istərsə də Kanada ilə yaşanan gərginliklər Qərb daxilində alternativ mövqelərin formalaşmasına gətirib çıxarıb. Çinin Avropaya marağının artması və Amerikanın ambisiyalarının sərtləşməsi fonunda Böyük Britaniya Qərb daxilində bu istiqamətdə addım atan ilk ölkələrdən biri ola bilər. Görünür, bu prosesin davamı da gələ bilər:
"Yəni digər Avropa ölkələri də Çinlə münasibətləri qaydaya salmaq üçün müəyyən addımlar ata bilərlər. Bu prosesi ümumilikdə Pekin-London münasibətlərində və Qərblə Çin arasındakı əlaqələrdə müəyyən yumşalma kimi qiymətləndirmək olar. Lakin bu yumşalmanın davamlı olub-olmayacağı sual altındadır".

Turan Rzayev: Çinlə münasibətləri inkişaf etdirmək istəyən ölkələrə qarşı ABŞ-nin yanaşması adətən dostyana olmur
Ekspert qeyd edir ki, davamlılıq üçün prosesin problemsiz şəkildə irəliləməsi vacibdir. Məsələn, Tayvan böhranı kimi ciddi siyasi hadisə baş verərsə, tərəflər arasında münasibətlər tamamilə kəsilə bilər. Bu baxımdan, prosesin gələcək taleyi atılacaq addımlardan birbaşa asılıdır:
"Bundan başqa, ABŞ-nin da bu məsələdə səssiz qalacağı gözlənilmir. Çünki Çinlə münasibətləri inkişaf etdirmək istəyən ölkələrə qarşı ABŞ-nin yanaşması adətən dostyana olmur. Bu amil də mütləq nəzərə alınmalıdır".
Zeynəb Rzayeva
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.