AZ

Nağaranı dünyaya çıxartmaq yox, mağara da saxlamaq lazımdır Orxan Saffari yazır…

ain.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Heç şübhəsiz ki, musiqi ruhun qidasıdır. Ancaq bunun nağaraya, konkret desək, Natiq ritm qrupuna nə dəxli var, onu başa düşmək olmur. Əgər musiqi ruhun qidasıdırsa, Natiq ritm qrupu, ümumilikdə nağara heç ruhun “zakuska”sı da deyil. Səsi adamın başına düşən, beyninin içini deşən bir musiqi necə qida ola bilər?

Nağara elə bir musiqidir ki, orada kimin ən yaxşı olduğunu heç vaxt bilmək olmur. Uzağı nağara çalanlar öz aralarında danışır. Belə də etnik musiqi olar? Uzun illər nağara çalan adamların ruhu da kobudlaşır, əlləri yekəlir. Nağaranı yaşadan onun özü yox, yan-yörəsində olan musiqi alətləridir. Əgər nağara ancaq tək ifa edilməli alət olsaydı, çox keçməzdi, adamın başına keçirdərdilər.

Onu da başa düşə bilmirəm ki, nağara çalanlar bəzən özlərini niyə həlak edir? Şəxsən mənə paralic vurmuş göyərçini xatırladırlar elə olanda. Yerində tullanırlar, başlarını ora-bura yellədirlər, gözlərini yumurlar. Deyəsən, bir dəfə kimsə ağlamışdı da. Ancaq bu cür klip çəkməyə heç bir ehtiyac yoxdur.

Yəqin ki, bizdə nağara deyəndə hamının ağlına ilk Natiq ritm qrupu gəlir. Natiq ritm qrupunun yaranması belə izah edilib:

“Bu qrupu o, nağaranın Azərbaycana məxsus olduğunu sübut etmək, onu daha da təkmilləşdirmək, yeni ritmlər qurmaq, nağaranı başqa ölkələrdə sevdirmək məqsədi ilə yaratmışdır”.

Ümumiyyətlə, məsələn, ermənilər nə vaxtsa deyib ki, nağara bizimdi? Nəyi və kimə sübut edirik? Doğrudan kimsə düşünür ki, dünyaya nağara maraqlıdır? “Vapşe” dünyaya niyə belə şeyi sübut etməliyikmi? Dərinə gedəndə gizlətmək lazım deyil? Təkmilləşdirib nə edəcəyik? Rakıdı-çıkada olacaq çıkada-raka?

Tutaq ki, Avropada nağaranı sevdirdik. Sonra? Bizim sənət simamız nağara olacaq?

Hərdən nağara çalanlara demək istəyirəm ki, niyə çalırsınız? Hansı fikri, hansı emosiyanı, hansı musiqi cümləsini demək istəyirsiniz?

Natiq ritm qrupu özlüyündə bir çox uğurlara da imza atıb. Həm xaricdə, həm də ölkədə. Hələ Natiq müəllim Xalq artisti adını da alıb. Ancaq başa düşə bilmirəm ki, sənət adına bu musiqi nə üçün qabağa çəkilir. Bir də görürsən, ən ciddi, beynəlxalq yerlərdə bir təyyarə nağaraçı apardılar.

Ölkədə nağaraya hərdən o qədər dəstək göstərirlər ki, adam məəttəl qalır. Adam darıxanda, kədərlənəndə gedir gitarada, pianinoda və.s alətlərdə olan musiqiləri dinləyir. Kim indiyə kimi darıxıb gedib nağaraya qulaq asıb?

Üstəlik, adam bu sənətdə kimin ən yaxşı olduğunu da bilmir. Mən indi hardan bilim ki, Natiq ən yaxşı nağaraçıdır? Skripkaçı bir notu azca səhv çalsa, bilinir. Pianoçu tempdən qaçsa, hiss olunur. Amma nağarada? Çıka-raka, raka-çıka. Kim yoxlayacaq? Kim deyəcək ki, sən bunu fa-diyez hissi ilə vurdun, yoxsa sol-minor ağrısı ilə? Vallah, başqa nağaraçılar da Natiq çaldığı kimi çalır. İndi məşhuru, adı-sanı olan Natiqdi deyə hamı onu düşünür. Məsələn, mənim bir məktəb yoldaşım var idi. Uşaq vaxtı onu da götürüb aparırdılar tədbirlərə, bütün günü dınqılladırdı. Yazıq uşağın əlləri də qabar bağlamışdı. Böyüdükcə yekəldi elə əlləri. Sonra da başladı şillə atmağa. İndi mən də deyirəm ki, ən yaxşı o çalırdı. O da çalanda adamın sümüyünə düşürdü. Ona da demək olmurdu ki, qardaş, orda səhv elədin, rakada yox, çıkada eləməli idin.

Mən demirəm ki, gəlin nağaranı ermənilərə verək. Ancaq özümüz də bu qədər şişirtməyək. Ona ayrılan diqqətin yarısını elmə, ədəbiyyata ayıraq. Vallah, axırda bu nağara adamı dünyada biabır edəcək. Dünya qəfil ayılıb deyəcək ki, bir dəqiqə, bu nə səs-küydü salmısınız? Götürün nağaranı da, qayıdın mağaranıza. Şərq insanının ruhunu nağara ilə kobudlaşdırmaq olmaz. Nağara sözü mağara ilə assosasiya olunur. Mahiyyətcə də mağara musiqisidir.

Təklif edirəm, mağaradan çıxaq, zopamızı və nağaramızı da mağaranın içində saxlayaq.

Ümumiyyətlə, nağara elə alətdir ki, onunla musiqi başlamır, musiqi qaçır. Bir səs gəlir, ardınca düşüncə yox, refleks yaranır. Adam diksinir, beynində sual yox, təhlükə siqnalı işə düşür. Musiqi dinləyəndə insanın içində pəncərə açılmalıdır, nağara isə divarı yumruqlayır.

Nağara sual vermir, əmr edir və bu əmrlər də çox sadədir.

Hoppan, tullan, qışqır, əl çal.

Orxan Saffari

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
icma.az

1Mənbələr