Paleontoloqlar İspaniyada tapılan və azı beş fərdin fosillərini əhatə edən yeni dinozor cinsi və növünü — Foskeia pelendonumu təsvir ediblər. Sümüklər Salas de los Infantes Dinozor Muzeyindən paleontoloq Fidel Torsida Fernandes-Baldor tərəfindən aşkarlanıb. Alimlər ilk andan etibarən bu canlıların kiçik ölçülərindən heyrətə gəliblər: hətta yetkin nümunələr belə ornitopod dinozorlar üçün qeyri-adi dərəcədə balaca olub.
Editor.az xəbər verir ki, tədqiqatın nəticələri Papers in Palaeontology elmi jurnalında dərc edilib.
Cins adı olan Foskeia, heyvanın yüngül quruluşuna və otla qidalanan həyat tərzinə işarə edərək qədim yunan dilində “işıq” mənasını verən fos və “otlamaq” anlamına gələn boskein sözlərindən yaranıb. Pelendonum növ adı isə qədim dövrlərdə həmin ərazidə yaşamış keltiber tayfası olan Pelendonların şərəfinə verilib.
Kiçik ölçüsünə baxmayaraq, Foskeia təkamül baxımından nə “ibtidai”, nə də “sadələşmiş” hesab edilə bilər. Kordoba Milli Universitetindən Markos Beserranın sözlərinə görə, ölçülərin kiçilməsi strukturun sadələşməsi demək olmayıb: dinozorun kəllə quruluşu qeyri-adi və yüksək dərəcədə ixtisaslaşıb.
Sümüklərin histoloji analizi göstərib ki, ən iri nümunə tam yetkin fərd olub. Sümük mikrostrukturu isə kiçik məməlilər və ya quşlarla müqayisə edilə bilən yüksək maddələr mübadiləsinə işarə edir. Bu fakt düzgün təkamül müqayisələri üçün mühüm əhəmiyyət daşıyır, çünki cavan fərdlər böyüdükcə ciddi anatomik dəyişikliklərə məruz qala bilirlər.
Filogenetik analiz Foskeianı Avstraliyada yaşamış Muttaburrasaurus dinozorunun qardaş taksonu kimi Rhabdodontomorpha qrupuna daxil edərək Avropa Rhabdodontia kladının əhatə dairəsini genişləndirib. Bundan əlavə, nəticələr otla qidalanan dinozorların vahid təkamül qrupu təşkil etdiyini irəli sürən və uzun müddətdir müzakirə edilən Phytodinosauria hipotezini yenidən gündəmə gətirib. Lakin bu yanaşmanın daha ətraflı sınaqlara ehtiyacı var.
Tədqiqatçılar həmçinin xüsusi diş quruluşu və böyümə prosesində duruş dəyişiklikləri müəyyən ediblər ki, bu da sıx meşəlik ərazilərdə sürətli hərəkətə və ani sürətlənməyə yönəlmiş həyat tərzindən xəbər verir. Tədqiqatın baş müəllifinin vurğuladığı kimi, təkamül yalnız nəhəng formalarda deyil, kiçik ölçülü canlılarda da radikal təcrübələr aparıb və paleontologiyanın gələcəyi böyük ölçüdə təvazökar, fraqmentar və kiçik tapıntılara diqqət yetirilməsindən asılıdır.
//Gülnarə Abasova, Editor.az