AZ

Avstraliya İran rəsmilərinə və təşkilatlarına qarşı yeni sanksiyalar tətbiq etdi

Avstraliya İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvləri də daxil olmaqla 20 İran rəsmisinə qarşı sanksiyalar tətbiq edib.

Redaktor.az TASS-a istinadən bildirir ki, bu barədə ölkənin xarici işlər naziri Penni Vonq məlumat verib.

"Avstraliya hökuməti 20 İran vətəndaşına və üç quruma qarşı əlavə sanksiyalar tətbiq edib. Qadağalara İran xalqına qarşı zülmdə, daxili etirazların qəddarcasına yatırılmasında, həm ölkədə, həm də xaricdə həyati təhdid törədilməsində iştirak edən SEPAH-ın yüksəkvəzifəli şəxsləri daxildir", - deyə nazir diqqətə çatdırıb.

Nazir həmçinin deyib ki, daha əvvəl Avstraliya 300-dən çox İran vətəndaşı və təşkilatına qarşı da sanksiyalar tətbiq edib.

Xatırladaq ki, 2025-ci il dekabrın 29-da Tehranda İran rialının kəskin düşməsi səbəbindən ticarətçilərin etiraz aksiyaları başlayıb. Bir gün sonra etirazlara tələbələr də qoşulublar. Narazılıqlar qısa müddətdə İranın əksər iri şəhərlərinə yayılıb. 2026-cı il yanvarın 2-də vəziyyət daha da gərginləşib - şəhər küçələrində naməlum silahlı qruplar peyda olub. Etirazçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşma halları artıb.

İğtişaşların zirvəsi 8 yanvar axşamına təsadüf edib, bu zaman ən azı 12 mülki vətəndaş, o cümlədən bir uşaq həlak olub. Hakimiyyət orqanları 25 hüquq-mühafizə əməkdaşının həlak olduğunu bildirib. Tehran meri Əlirza Zakani deyib ki, nümayişçilər paytaxtda 25 məscidi yandırıb, 26 bank, üç tibb mərkəzi, 10 dövlət müəssisəsi, 48 yanğınsöndürən maşın, 42 avtobus və təcili yardım maşını, həmçinin 24 mənzilə ziyan vurublar. İran hakimiyyəti iğtişaşçıları terrorist adlandırıb və hadisələrin təşkilində İsrail və ABŞ-ni təqsirləndirib.

Seçilən
4
1
redaktor.az

2Mənbələr