AZ

WP: Trampın ABŞ-nin yeni ştatları ilə bağlı zarafatları rəsmi ziyafətdə narahat sükut yaradıb...

ABŞ prezidenti ərazi genişlənməsi ilə bağlı ironik çıxışını “komediya axşamı” adlandırıb...

ABŞ prezidenti Donald Trampın ölkənin mümkün ərazi genişlənməsi ilə bağlı səsləndirdiyi zarafatlar qapalı “Alfalfа” klubunda təşkil olunan ziyafətdə iştirakçılar arasında narahat sükuta səbəb olub.

Poliqon xəbər verir ki, bu barədə The Washington Post qəzeti məlumat yayıb.

Məlumata görə, Tramp klubun ənənəvi axşam tədbirində çıxışı zamanı Vaşinqtonun Qrenlandiyanı almağı planlaşdırdığını deyib. ABŞ prezidenti zarafatla bildirib ki, təkcə bu adanı deyil, həmçinin Kanada və Venesuelanı da ABŞ-nin yeni ştatlarına çevirmək istərdi. Onun bu sözləri zalda gözlənilən reaksiyanı doğurmayıb və bir neçə məqamda çıxışdan sonra səssizlik yaranıb.

Ağ Evin rəhbəri ironik tərzdə hətta çıxışını yarımçıq dayandırmalı ola biləcəyini də deyib. Tramp bildirib ki, guya ABŞ-nin Qrenlandiyaya “müdaxiləsinə şəxsən nəzarət etmək” üçün tribunadan ayrılması lazım gələ bilər. Qəzet yazır ki, prezidentin çıxışı standap-komediya üslubunu xatırlatsa da, bəzi zarafatlar uğursuz alınıb və auditoriyada narahatlıq yaradıb.

Tədbirdən sonra jurnalistlərin suallarını cavablandıran Donald Tramp səsləndirdiyi fikirləri ciddiyə almağa dəymədiyini deyərək, bunu “sadəcə komediya axşamı” adlandırıb. Bununla belə, The Washington Post qeyd edir ki, Trampın bəzi mövzulara toxunuşu dinləyicilər arasında açıq-aşkar gərginlik yaradıb.

Xatırladaq ki, Donald Tramp daha əvvəl dəfələrlə Kanadanın ABŞ-nin tərkibinə daxil olmasını təklif edib və bunu ölkənin “Rusiya və Çin gəmilərindən qorunması” ilə əsaslandırıb. Oxşar arqumentləri o, Qrenlandiya məsələsində də səsləndirib və adanın ABŞ-nin təhlükəsizlik maraqları baxımından əhəmiyyətini vurğulayıb.

Poliqon.info

Seçilən
8
poliqon.info

1Mənbələr