AZ

Bibisi oğlunu internet xəttinə görə bıçaqlayan şəxs amnistiyaya düşdü

Ali Məhkəmədə qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən İntiqam Bayramovun (adı, soyadı şərtidir) barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya protesti təmin edilməyib, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarı dəyişdirilib. İntiqam Bayramovun barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarının 2.6-cı bəndi tətbiq edilməklə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından azad olunub.

 

İttihama görə, hadisə 23 aprel 2024-cü il tarixdə, saat 12 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində qeydə alınıb.

 

Belə ki, İntiqam Bayramov onunla qonşuluqda yaşayan bibisi oğlu, zərərçəkmiş Maqsud Əsgərovla (adı, soyadı şərtidir) yaranmış narazılıqdan istifadə edərək ictimai asayişi pozub.

 

Hadisə internet xətti ilə bağlı yaranmış mübahisədən başlayıb. Zərərçəkmiş şəxs internet xəttinin icazəsiz çəkilərək təqsirləndirilən şəxsin həyətindən keçməsinə etiraz edib və narazılığını bildirib. Təqsirləndirilən şəxs bunu bəhanə edərək Maqusda və onun ailə üzvlərinə qarşı nalayiq ifadələr işlədib. Sonra İntiqam üzərində gəzdirdiyi cib bıçağı ilə zərərçəkmişin döş qəfəsinə vuraraq ona xəsarət yetirib.

 

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə ona 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya protesti və apellyasiya şikayəti təmin olunmayıb.

 

Kamal Məmmədov

 

Tarix: 3 Fevral 2026, 09:37   
Seçilən
19
pravda.az

1Mənbələr