AZ

Belə getsə, yerli mal-qara "Qırmızı kitab"a düşəcək

Ötən il ölkə üzrə qaramalın sayı 30,1 min, qoyun-keçinin sayı 138,7 min baş azalıb 

Qlobal səviyyədə baş verən geosiyasi hadisələr ölkələrdən sosial məsələlərə daha həssas yanaşmağı tələb edir. Çox sadə bir səbəbdən: beynəlxalq miqyasda siyasi maraq və ambisiyalardan doğan ziddiyyətlər son nəticədə əhalinin  sosial-iqtisadi həyatına təsir göstərir. Təbii ki, mənfi cəhətdən. Bu sahədə ən həssas məqam isə ərzaqla təminatdır.

O səbəbdən dünyada dövlətlərin və hökumətlərin ən çox məşğul olduqları məsələlərdən biri məhz ərzaq təhlükəsizliyinin təminatıdır. Bu isə hər ölkəyə nəsib olmur və o zaman vəziyyətdən çıxış yolu kimi idxaldan savayı əlac qalmır. İdxal da asılılıq və bahalıq deməkdir. Bunun qarşısını almağın yolu isə yerli istehsalı artırmaqdır.

Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə illər öncə aqrar islahatlara başlanıb, ilk növbədə istehsalçılara çoxsaylı güzəştlər tətbiq edilib. Bu hesaba müəyyən uğurlarımız da var. Məsələn, 90-cı illərdə və 2000-ci illərin əvvəlində daxili bazarda satılan meyvə-tərəvəzin əksəriyyəti idxal məhsulları idisə, indi bunun əksinədir. Üstəlik, bu növ məhsulların ixracında böyük uğurlar qazanılıb. Təkcə ötən il ölkəmiz meyvə-tərəvəz ixracından 900 milyon dollardan çox gəlir əldə edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü illə müqayisədə ötən il ixrac edilən bu cür məhsulların dəyəri 27,3, həcmi isə 23,2 faiz artıb. Ümumiyyətlə, Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında meyvə-tərəvəzin payı 27,64 faizə çatıb.

Dünya üzrə aparılan statistikaya əsasən, ən çox istifadə olunan ərzaq növü düyüdür, buğda ondan sonra gəlir. Həmin statistikada ət və ət məhsulları da insanların ən çox istehlak etdiyi ərzaqlar sırasındadır. Bəs ölkəmizdə bu sahədə vəziyyət necədir? 

Açıqlanan statistik rəqəmlər göstərir ki, bu sahədə vəziyyət yumşaq desək, elə də  ürəkaçan deyil. Həm yerli mal-qaranın baş sayı, həm ət məhsullarının istehsalında yaranan boşluğu doldurmaq üçün əlac idxala qalıb. 

Məlumdur ki, biz xalq olaraq qoyun əti istehlak etməyə üstünlük veririk. Təəssüf ki, son vaxtlar bu sahədə ağzımızın tamı dəyişib. Çünki yerli qoyun-quzu kəmiyyət sarıdan tələbatımızı ödəmədiyindən idxal məhsullarını istehlak etməyə məcburuq. Təkcə ötən il Azərbaycana xaricdən dəyəri bir neçə milyon dollar olan minlərlə baş yalnız diri qoyun gətirilib. Bunun səbəbi nədir?  Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı il yanvar ayının 1-nə Azərbaycanda qaramalın sayı 2 milyon 435,5 min, davarların sayı isə 6 milyon 757,8 min baş olub. Bu, 2025-ci ilin yanvar ayının 1-i ilə müqayisədə müvafiq olaraq 1,2 və 2 faiz (30,1 min və 138,7 min baş) azdır. Əvəzində Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin 11 ayında ölkəmizə idxal edilən mal ətinin həm miqdarı, həm də qiyməti artıb. Özü də az yox - 4,7 və 6,1 faiz. 

Bu ət isə, qeyd etdiyimiz kimi, uzaq-yaxın ölkələrdən gətirilir. Amma burada bir məsələyə toxunmaq istərdik. Uzaq coğrafiyadan idxalın bir iqtisadi ağırlığı var - qiymətlər logistikaya və daşınmaya görə yüksək olur. Buna son qoymaq üçün ətlik  heyvanları alıb yerli təsərrüfatlarda çoxaltmaq olmazmı? Təbii ki, hökumət tərəfindən dəstək və ən əsası sərfəli qiymətə qüvvəli yem bazası olarsa, mümkündür. 

Statistik rəqəmlərə diqqət yetirdikdə bir məqamla da rastlaşırıq. Hazırda davarların ən çox baş sayı Beyləqan, Ağcabədi, İmişli və Qubadadır. Halbuki sovetlər dönəmində Zaqatala, Balakən, Qax, Oğuz, Qəbələ, İsmayıllı və digər dağ rayonları da heyvandarlıq regionları sayılırdı. Biz hələ aran bölgəsini demirik. Əvvəllər dövlət tərəfindən aran və dağlıq rayonlarında heyvandarlığın inkişafı üçün qışlaq və yaylaq əraziləri ayrılmışdı. Sonra bu qayda dəyişdi. Heyvandarlar  qışlaqlardan və yaylaqlardan istifadə etmək üçün yerli icra orqanlarına müraciət etmək, minnətçi düşmək məcburiyyətində qaldılar. Burada isə bürokratik əngəllərlə, get-gəllə qarşılaşan maldar fermerlərin əksəriyyəti peşələrindən ayrılmalı oldular.

Aqrar sahədə aparılan islahatların əsas hədəfi məhsul bolluğu yaratmaqdır, amma  əsasən məhsuldarlığı artırmaq hesabına. Bizdə isə, məsələn, taxıl və ya pambıq istehsalını artırmaq üçün əkin sahələrini genişləndirirlər. Halbuki dünya təcrübəsi göstərir ki, məhsuldar toxum, düzgün aqrotexniki qulluq, faydalı gübrələr və düzgün suvarma məhsul istehsalını artırmağın ən effektiv yoludur. İnkişaf etmiş ölkələrdə məhz bu hesaba hər hektardan 60-80 sentnerə qədər taxıl götürülür. Ölkəmiz üzrə isə həmin  rəqəm 30 sentner civarındadır. Digər vacib məqam - əkin sahələrinin genişləndirilməsi ilə istehsalda artıma nail olmaq həm də örüş yerlərinin azalmasına səbəb olur ki, bu da heyvandarlıqda indiki vəziyyətə gətirib çıxarır. Amma problem təkcə bu da deyil. İri aqrotəsərrüfatların örüş yerlərini zəbt etmələri, yemin bahalığı və  bu kimi digər məsələlər bir vaxtlar süfrəmizdən əskik olmayan əti getdikcə əlçatmaz, yerli mal-qaranı isə "Qırmızı kitab"lıq edir. 

Rüstəm KAMAL,

"Azərbaycan"

Seçilən
10
azerbaijan-news.az

1Mənbələr