AZ

Restoranda xuliqanlıq: Tanışına bıçaq çıxardı, kəllə ilə burnunu sındırdı – QƏRAR

Gəncə Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Rəsul Budaqovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sevindik Əzizovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilib, “Konstutisiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 2.6, 5.2.2 və 5.3-cü bəndlərinə əsasən Göygöl Rayon Məhkəməsinin hökmü ilə ona təyin olunmuş 9 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından azad edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunub.

 

İttiham materiallarına görə, hadisə 30 mart 2025-ci il tarixdə, saat 20 radələrində Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən “Alov” restoranının həyətində baş verib.

 

Belə ki, Rəsul Budaqov restorana gələrək əvvəlcədən tanıdığı zərərçəkmiş Samir Fərəczadə (adı, soyadı şərtidir) ilə aralarında şəxsi münasibətlər zəminində mübahisə yaradıb. Ətrafda olan şəxslər mübahisənin böyüməsinin qarşısını almağa çalışsalar da, təqsirləndirilən şəxs onların müdaxiləsinə məhəl qoymayıb və davranışı ilə cəmiyyətdə insanlar arasında bərqərar olmuş qaydaları qərəzli şəkildə pozub.

 

İttihama görə, o, restoranın həyətində toplaşmış çoxsaylı şəxslərin gözü qarşısında Samirin ünvanına nalayiq ifadələr işlədib, onu açıq-aşkar söyərək təhqir edib. Daha sonra isə Rəsul üzərində əvvəlcədən saxladığı, şalvarının bel nahiyəsində gizlədilmiş bıçağı çıxararaq nümayiş etdirib. Hadisə zamanı təqsirləndirilən şəxs kəllə və təpik zərbələri ilə zərərçəkmiş şəxsi bədəninin müxtəlif nahiyələrindən qəsdən vurub. Nəticədə Samirə burun sümüyünün qapalı sınığı, sağ baldır nahiyəsinin qançırı ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirilib.

 

Hadisədən sonra Rəsul Budaqov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

 

Tarix: 3 Fevral 2026, 09:20   
Seçilən
5
pravda.az

1Mənbələr