AZ

ABŞ TRIPP-ə diqqəti artırır

Ötən il avqustun 8-də Vaşinqtonda baş tutan üçtərəfli görüş, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanan mühüm sənədlər, Cənubi Qafqazın siyasi tarixində yeni səhifə açdı. Vaşinqton görüşünün ən önəmli nəticələrindən biri Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantını təmin edəcək Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) - Zəngəzur dəhlizinin razılaşdırılmasıdır desək, yanılmarıq.  Şübhəsiz, bu layihəni bölgədə sülhün de-yure qərarlaşmasına xidmət edən addımlardan biri kimi dəyərləndirmək olar.

Hazırda ABŞ TRİPP-i diqqət mərkəzində saxlamaqda davam edir. ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin bu ay bölgəyə gözlənilən səfəri də bunu bir daha təsdiq edir. ABŞ Prezidenti Donald Tramp "Truth" sosial şəbəkəsində yazıb ki, Vensin bölgəyə səfəri Azərbaycan və Ermənistan arasında sülh prosesinin daha da irəli aparılmasına, eləcə də Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) adlanan layihənin sürətlənməsinə yönəlib. Şübhəsiz, ABŞ-ın yüksək ranqlı rəsmisinin bölgəyə gözlənilən səfəri kifayət qədər önəmli hadisə kimi qəbul olunmalıdır. Bu, həm də Azərbaycanın apardığı məqsədyönlü sülh siyasəti ilə Donald Trampın qlobal barışıq çağırışları eyni müstəvidə kəsişməsi deməkdir. Yeri gəlmişkən, yanvarın 22-də Davosda Prezident İlham Əliyev ilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp arasında baş tutan görüşdə ikitərəfli əlaqələrin mövcud vəziyyəti müsbət qiymətləndirilib. Bu görüş, eyni zamanda, Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu və strateji əməkdaşlığın daha geniş müstəvidə inkişaf etməkdə olduğunu bir daha təsdiq edib. Ceyms Devid Vensin səfəri və TRIPP-in gündəmdə olması bir daha göstərir ki, Cənubi Qafqazda əsas strateji xətt sabitlik, tranzit və iqtisadi əməkdaşlıq üzərində qurulur. Bu xəttin mərkəzində isə Azərbaycan dayanır.

 Bəli, artıq Cənubi Qafqaz ABŞ üçün strateji əhəmiyyət daşıyan bölgəyə çevrilib. Başqa sözlə desək, ABŞ Cənubi Qafqaza Avrasiyanın mühüm nəqliyyat və kommunikasiya qovşağı kimi baxır. Amma bu kimi addımlar erməni lobbisinnin, həmçinin Rusiyanın təsiri altında olan Ermənistan müxalifətini narahat etməkdədir. Odur ki, onlar regionda sabitliyə xidmət edən addımları qaralamaq üçün hər cür oyuna baş vururlar, hər cür iftiralar uydururlar. Bununla da onlar gərginliyin və qarşıdurmanın öz siyasi varlıqlarının yeganə yolu hesab etməkdə davam edirlər. Məsələn, bu günlərdə mətbuat konfransı keçirən Ermənistanın keçmiş prezidenti Robert Koçaryan bildirib ki, TRIPP ölkənin təhlükəsizliyinə ən böyük təhdiddir. Onun sözlərinə görə, TRIPP Ermənistanın tamhüquqlu tərəf olmadığı və ABŞ ilə Ermənistanın heç bir iqtisadi marağı olmadığı Azərbaycan və Türkiyənin maraqlarına uyğun bir layihədir. Koçaryanın sözlərinə görə, ABŞ-ı maraqlandıran yeganə şey nəzarət altına almağa çalışdığı İrandır. O, həmçinin İrana qarşı yeni təcavüz və hərbi əməliyyatların çox ehtimal olunduğunu söyləyib. Elə Ermənistanın keçmiş xarici işlər naziri, ifrat millətçi Vardan Oskanyan da bu ampluada fikirlərini bildirib. Şübhəsiz, onların bu kimi fikirləri Ermənistanın regional keçmişin bataqlığında saxlamağa xidmət etməkdən başqa bir şey deyil. Bu məqamda Ermənistanın “Respublika Uğrunda” Partiyasının sədri Arman Babacanyanın sözlərini xatırlatmaq yerinə düşərdi. O bildirib ki, hakimiyyətin müxalifləri “sülh” sözündən əsəbləşirlər, çünki bu ifadə onlara və ağaları Rusiyaya uyğun deyil: “Rusiya burada həmişə qarşıdurma və qan tökülməsinin baş tərəfdarı olub”.  

Biçarə revanşistlər hələ də anlamırlar ki, bu layihənin reallaşması bütün regiona strateji və iqtisadi fayda vəd edir. Belə ki, Azərbaycan geosiyasi məqsədlərinə nail olacaq, Ermənistan uzun illər davam edən təcriddən çıxacaq və regional  oyunçulardan birinə çevriləcək. Bu marşrut həm də Ermənistana hər il milyonlarla dollar birbaşa tranzit gəliri gətirəcək. Türkiyə Orta Dəhliz marşrutu üzrə mövqelərini möhkəmləndirərək Mərkəzi Asiya ölkələri ilə əlaqələri fəallaşdıracaq. Bununla da TRIPP  bütöv bir regionun taleyini dəyişən yol, dayanıqlı sülhün açarı funksiyasını yerinə yetirəcək.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Seçilən
9
ikisahil.az

1Mənbələr