AZ

Şəmsi Qocayev: “Diplomlu, həyatın ilk fırtınasında aciz qalan "robotlaşmış" bir nəsil yetişdiririk”

“Deputat Siyavuş Novruzovun parlamentdəki çıxışı, əslində, illərdir hər bir valideynin və vicdanlı müəllimin içində yığılıb qalan ağrının səsidir. Biz uzun zamandır təhsil sistemini bir sınaq poliqonuna çevirmişik. Amma etiraf etməliyik ki, bu meydanda uşaqların biliyi yox, onların psixoloji dözümü və fiziki sağlamlığı sınağa çəkilir”.

 

Bu sözləri Pravda.az-a təhsil eksperti Şəmsi Qocayev deyib.

 

O bildirib ki, ən böyük səhv müasir təhsilin fəlsəfəsini hələ də dərk etməməkdir: “Anlamırıq ki, informasiya yükünün çoxluğu hələ bilik demək deyil. Şagirdi on bir il ərzində yalnız bir neçə saatlıq test imtahanına kökləməklə, məktəbləri "həyata hazırlıq" ocağı olmaqdan çıxarıb, soyuq bir "imtahan fabriki"nə çevirmişik. İncəsənət və idmanı "ikinci dərəcəli" iş və ya "vaxt itkisi" saymağımız təhsil strategiyamızın ən böyük xətasıdır. Ruhunu musiqi ilə dincəltməyən, bədənini idmanla möhkəmləndirməyən bir uşağın beyni sadəcə mexaniki məlumat anbarına çevrilir. Uşaqların çiyinlərinə yüklədiyimiz bu ağır akademik yük – bitmək bilməyən KSQ-lər, BSQ-lər, repetitor marafonları və monitorinqlər – onları yaradıcılıqdan, həyatın rənglərindən qoparıb ayırır. Siyavuş müəllimin də dediyi kimi, yeniyetmələrin daxili potensialı mürəkkəb riyazi düsturların və quru tarix rəqəmlərinin altında əzilib yox olur. Nəticədə əlində diplomu olan, lakin həyatın ilk fırtınasında aciz qalan "robotlaşmış" bir nəsil yetişdiririk”.

 

Ş. Qocayev qeyd edib ki, göstəricilərin ildən-ilə aşağı düşməsinin kökündə də "mexaniki öyrənmə" bəlası dayanır: “Daimi təzyiq və imtahan qorxusu ilə yaşayan şagird üçün oxumaq artıq maraqlı bir kəşf deyil, məcburi bir "cəza"dır. Proqramlar o qədər yüklənib ki, müəllim mövzunu ürəklə sevdirməyə deyil, sadəcə təqvimi çatdırmağa çalışır. Beləcə, keyfiyyət kəmiyyətin qurbanı olur. İmtahanda rekord bal toplayan gəncin real həyatda ən sadə problemi həll edə bilməməsi, tənqidi düşüncənin zəifliyi sistemin ona yalnız "doğru variantı tapmağı" öyrətməsinin acı nəticəsidir. Təhsil komitəsində keçirilməsi planlaşdırılan dinləmələr bu mənada böyük ümid verir. Nəhayət ki, öz milli təhsil modelimizi, uşağın fərdi istedadını mərkəzə qoyan, imtahan sayını minimuma endirən və insanı azad edən bir sistemi qurmalıyıq. Hər bir uşaq mütləq fizik və ya riyaziyyatçı olmalı deyil, amma hər bir uşağın sağlam ruhlu, mədəni və azad düşüncəli bir vətəndaş kimi yetişməyə haqqı var. Biz uşaqlarımızı təkcə ağır çantalardan deyil, beyinlərindəki və ruhlarındakı lazımsız yüklərdən də xilas etməyin yolunu tapmalıyıq. Unutmayaq ki, həqiqi təhsil insanı qəliblərə sıxan deyil, ona qanad verən bir proses olmalıdır”.

 

Xatırlatma: Deputat Siyavuş Novruzov parlamentin iclasında təhsil məsələsinə toxunaraq məktəblərdə imtahanların çox olduğunu qeyd edib: “Orta məktəblərdə imtahanlar həddindən artıq çoxdur. İldə dörd dəfə imtahan verirlər, hər dəfə imtahanlarda gərginlik yaşayırlar. Biz hələ də bir təhsil forması tapmamışıq. Təhsil komitəsində bir dinləmə keçirilməsini təklif edirəm ki, biz də öz fikirlərimizi bildirək. İncəsənətə, idmana həvəsi olan uşaqlar onlara vaxt tapmırlar”.

 

Şəhanə Quliyeva

Tarix: 3 Fevral 2026, 08:46   
Seçilən
25
pravda.az

1Mənbələr