Sercio Mattarella Milan–Kortina Olimpiadası zamanı “olimpiya barışığı”na əməl olunmasını istəyib...
İtaliya prezidenti Sercio Mattarella 2026-cı il fevralın 6-dan 22-dək Milan və Kortina-d’Ampeççoda keçiriləcək Qış Olimpiya Oyunları dövründə atəşkəsə əməl olunmasına çağırıb.
Poliqon xəbər verir ki, bu barədə ANSA nəşri məlumat yayıb.
“Biz israrlı qətiyyətlə hər yerdə olimpiya barışığının qorunmasını xahiş edirik. Qoy idmanın silahsız gücü silahları susdursun”, deyə dövlət başçısı bildirib.
O vurğulayıb ki, Olimpiya Oyunları zorakılığa və silahlı münaqişələrə qarşı çıxan qlobal miqyaslı hadisədir və xalqları sülh, qarşılıqlı anlayış ətrafında birləşdirməyi hədəfləyir.
Xatırladaq ki, ötən ilin 19 noyabrında BMT Baş Assambleyası “olimpiya barışığı”na əməl olunmasını tövsiyə edən qətnamə qəbul edib. Sənədə əsasən, barışıq XXV Qış Olimpiya Oyunlarının açılışından yeddi gün əvvəl başlayaraq XIV Qış Paralimpiya Oyunlarının bağlanmasından yeddi gün sonadək qüvvədə olmalıdır.
Məsələni şərh edən Rusiya Dövlət Dumasının deputatı Svetlana Jurava qeyd edib ki, bu qətnamə faktiki olaraq “heç bir real mexanizm daşımır”. Onun sözlərinə görə, atəşkəsə əməl etməyən ölkələrə qarşı nə diskvalifikasiya, nə də maliyyə sanksiyaları tətbiq olunacaq.
Poliqon.info